close

Aİ-dən Ermənistana göndəriləcək yeni müşahidə missiyası ilə bağlı açıqlama

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

“Bu, regionda davamlı sülhə yardım etmək üçün zəmin yaradır”

Avropa İttifaqı (Aİ) bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir. Ancaq bu dəfə iki ay yox, ən azı 2 il müddətinə.

Bu barədə “Azadlıq” radiosunun Erməni bürosu məlumat yayıb.

Bildirilib ki, ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib:

“Dünən isə müşahidə missiyalarında iştirak edən əsas qurum – Anti-Böhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edilib. Üstəlik, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisini patrul edəcək. Əvvəlki missiyada olduğu kimi, bu dəfə də onlar silahsız olacaqlar”.

“Azatutyun” yazır ki, yeni missiyadakı müşahidəçilərin sayı iki yüzə yaxın avropalı mütəxəssisdən ibarət olacaq.

Eyni zamanda, əlavə olunub ki, Aİ müşahidəçilərinin gələn ay Ermənistana gəlməsi gözlənilir, missiya fevralın 20-də başlayacaq.

“Turan” agentliyi məsələ ilə bağlı Avropa İttifaqının mənzil-qərargahına sorğu göndərib.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsinin ofisindən cavabda 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderlərinin əldə etdikləri razılaşma xatırlanıb:

“Ona uğun olaraq və ali nümayəndə Jozef Borrelin təklifilə Avropa İttifaqı Ermənistana yerlərdə vəziyyətin monitorinqi üzrə missiya göndərib. 2 aylıq mandat ərzində Avropa İttifaqının 40 eksperti monitorinq aparıb və 175-dən çox patrul xidməti həyata keçirib ki, bu da vəziyyətin sabitləşməsinə töhfə verib”.

“Avropa İttifaqının Cənubi Qafqazda iştirakında növbəti addım kimi hazırda keçid planlaşdırması üzrə yardım qrupu fəaliyyətə başlayıb. Bu, regionda davamlı sülhə yardım etmək üçün Avropa İttifaqının Ermənistanda mümkün uzunmüddətli missiyası üçün zəmin yaradır. Avropa İttifaqı gərginliyin azaldılması üzrə səylərin dəstəklənməsində öz iştirakını davam etdirəcək və münaqişənin hərtərəfli həlli üçün hər iki tərəflə sıx əməkdaşlığa sadiqdir”, – deyə  cavabda bildirilib.

2022-ci ilin oktyabrın 6-da Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında demişdi ki, “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu:

“Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”.

İ.Əliyev daha sonra qeyd edib ki, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər olub: “Ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.

Ana səhifəSiyasətAİ-dən Ermənistana göndəriləcək yeni müşahidə missiyası ilə bağlı açıqlama