close

Ailəsi Aqil Hümbətovun aclıq aksiyasına başladığını deyir

Foto: Meydan.tv

AXCP üzvü ailəsinə sosial yardımın verilməsini istəyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümbətovun saxlandığı cəzaçəkmə müəssisəsində sentyabrın 11-dən aclıq aksiyasına başladığı bildirilir. Bu barədə onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.

Aygün Hümbətova deyir ki, üç övladı acınacaqlı durumdadır. Eyni zamanda, həyat yoldaşının səhhətində ciddi problemlər var. Onun sözlərinə görə, Aqil Hümbətovun şərlənərək həbs olunması bütöv bir ailəyə böyük zərbə vurub.

Aygün Hümbətova bildirib ki, əvvəllər ailəyə ünvanlı sosial yardım verilirdi, amma xeyli vaxtdır onu da kəsiblər. Həyat yoldaşı deyir ki, Aqil Hümbətovun aclıq aksiyasının tələblərindən biri də ünvanlı sosial yardımın bərpa edilməsidir:

Mənim üç övladım rütubətli, şəraitsiz evdə əziyyət çəkir. Həyat yoldaşımın tələbi budur ki, ailəmizə verilməli ünvanlı sosial yardım bərpa olunsun. Yoldaşım şərlənərək həbs olunub və onun uzun müddətdir həbsxanada saxlanması getdikcə sağlamlığındakı problemləri daha da dərinləşdirir. Guya müalicə eləyirlər, heç nə də düzgün getmir. Onun sağlamlığını, itirilən illərini kim qaytaracaq? Hamı bilir ki, mənim yoldaşım cinayət törətməyib, onu azad eləsinlər…”.

Aqil Hümbətovun aclıq aksiyası keçirməsi barədə həyat yoldaşının dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Sosial şəbəkələrdə hokuməti, o cümlədən şəxsən Prezident İlham Əliyevi tənqid edərək, uşaqpulu verilməsini tələb edən AXCP üzvü Aqil Hümbətov 10 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə təqsirli bilinib. İddia olunur ki, Aqil Hümbətov yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsi bıçaqlayıb.

Aqil Hümbətov isə bu ittihamın yalan olduğunu, siyasi sifarişlə həbs edildiyini bildirib. Məhkəmədə də deyib ki, həbsinin səbəbi sosial şəbəkələrdəki canlı yayımlarda çıxışlarıdır. Həmin çıxışlarında o, hökumətin sosial siyasətini tənqid edir, Prezident ailəsi də daxil olmaqla, məmur övladlarının milyonlarla manatlıq əmlaka sahib olduğu halda, sadə insanların uşaqlarına çörək almağa imkanı olmadığını bildirirdi. O, hökumətin uşaqpulu verməsini tələb edirdi.

Aqil Hümbətov deyirdi ki, Yamən Məmmədov özü-özünü bıçaqlayıb. Onun sözlərinə görə, zibillərini atmaq adıyla onu çağırıb, orada təxribat yaradıblar. AXCP fəalının sözlərinə görə, dərhal polislərin hadisə yerinə çatması, təcili yardıma zəng edən nömrənin Xəzər Rayon Polis İdarəsinin rəis müavininə məxsusluğu da bu hadisənin əvvəldən planlaşdırılmış təxribat olduğunu sübut edir.

Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı.

O, 2020-ci martın 29-da “Facebook” hesabından tənqidi çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar.

Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Ana səhifəSiyasətAiləsi Aqil Hümbətovun aclıq aksiyasına başladığını deyir