close

Ali Məhkəmə: Almaniyadan deportasiya olunan AXCP fəalının hökmü düzgün araşdırılmayıb

Foto: Meydan TV

 Pünhan Kərimli bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəmişdi

Bir müddət Almaniyada siyasi mühacir kimi yaşayıb, Azərbaycana deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs olunanlardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işinə Bakı Apelyasiya Məhkəməsi yenidən baxacaq. Çünki Ali Məhkəmə belə nəticəyə gəlib ki, birinci dəfə onun hökmündən verilmiş şikayətə düzgün baxılmayıb. Ona görə də mayın 16-da Ali Məhkəmə Pünhan Kərimlinin işi üzrə apelyasiya instansiyasının çıxardığı qərarı ləğv edib və təkrar araşdırma aparılması üçün materialları ora qaytarıb. Bu barədə Ali Məhkəmədə Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Pünhan Kərimliyə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il həbs cəzası verilmiş, sonradan apelyasiya məhkəməsi bu müddəti 1 il azaltmışdı.

Lakin AXCP fəalı narkotik ittihamının saxta olduğunu bildirir, ona bəraət verilməsini tələb edir. Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəmişdi.

Pünhan Kərimlinin vəkili Cavad Cavadov bildirib ki, müvəkkili haqqında cinayət işi əsassızdır. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə irəli sürülmüş ittihamları təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmü çıxarıb, apelyasiya instansiyası da onu qüvvədə saxlayıb.

Pünhan Kərimli, Foto: şəxsi hesabı

Pünhan Kərimli özü də istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə də apelyasiya instansiyasında çıxışlarında vurğulayıb ki, tamamilə narkotikdən uzaq adamdır, saxlanılanda da üzərində narkotik maddə olmayıb. Onun sözlərinə görə, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasıyla əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb:

“Hardadır bir qrup şəxs? Niyə araşdırmadılar kimdən almışam, kimə satacaqdım? Çünki hamısı yalandır. Narkotiki cibimə polislər özləri atdı…”.

O, həbs olunarkən işgəncələrə məruz qaldığını da hakimlərin nəzərinə çatdırıb.

İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər siyasi fəal həbs olunub. Onlardan 5-i cinayət məsuliyyətinə cəlb olunub, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.

Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətAli Məhkəmə: Almaniyadan deportasiya olunan AXCP fəalının hökmü düzgün araşdırılmayıb