close

Almaniyadakı mühacirlər  “Siyasi məhbuslara azadlıq” tələbilə aksiya keçiriblər

Foto: Meydan TV

Aksiyaçılar müraciət və tələblərini qəzet redaksiyasına da təqdim ediblər

Almaniyada yaşayan bir qrup siyasi mühacir Dortmund şəhərində yerləşən “Ruhr Nachrichten” qəzetinin önündə və Şəhərin Mərkəzində “Siyasi məhbuslara azadlıq və beynəlxalq qanunlara hörmət” adlı aksiya keçiriblər.

Aksiya dekabrın 23-də DAS (Demokratik Azərbaycanı Seç)  təşkilatının təşkilatçılığı ilə baş tutub.

Bu barədə Meydan TV-yə məlumat verən DAS fəalı Hacı Kəlpəlizadənin sözlərinə görə, Azərbaycanda avtoritar və ailə rejiminin (Əliyevlər ailəsi) mövcudluğu hamıya məlumdur: “Artıq illərdir beynəlxalq təşkilatların hesabatlarında siyasi fəallara, vətəndaş cəmiyyəti aktivlərinə qarşı siyasi təzyiqlərin həyata keçirildiyi qeyd olunur. Həmin hesabatlarda dəfələrlə vurğulanır ki, Azərbaycanda təqribən 150-dək, bəzi illərdə isə bundan da artıq siyasi məhbus var”.

Fəal aksiyada xatırladıb ki, son bir ildə Almaniyadan deportasiya edilən 7 siyasi mühacir də bu siyahıya düşüb. Onların həbs edilməsi, işgəncə alması və onlara qarşı saxta ittihamlarla (narkotika satışı, adam bıçaqlama və s.) cinayət işi açılması müşahidə olunur:

“Həmin şəxslərdən artıq 3 nəfərinin – Malik Rzayevin, Pünhan Kərimlinin və Mütəllim Orucovun məhkəmə işləri yekunlaşıb və onlara müvafiq olaraq 7 il, 6 il və 7il həbs cəzası verilib. Mütəllim Orucovun səhhətində problemlərin olması və müalicə almaması barəsində vəkil Nemət Kərimli ictimaiyyətə məlumat verib.  Almaniyadan Azərbaycana göndərilən digərləri – Cəfər Mirzəyev, Samir Aşurov və Anar Əliyevin isə məhkəmə işləri davam etdirilir”.

“Xatırlatmaq istərdik ki, Almaniya Miqrasiya İdarəsi (BAMF) və İnzibati Məhəmələri (Verwaltungsgericht) tərəfindən siyasi sığınacaq istəkləri rədd edilmiş və bunun da nəticəsində Azərbaycana deportasiya edilmiş 6 nəfərin (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli, Samir Aşurov və Ziya İbrahimov) hər birinə qarşı açılmış saxta cinayət işi onların Almaniyada olarkən siyasi fəaliyyətlərilə bağlıdır. Onların arasında Samir Aşurova, Mütəllim Orucova, Malik Rzayevə, Cəfər Mirzəyevə qarşı etirafedici ifadə almaq məqsədilə işgəncə verilməsi ictimaiyyətə məlumdur”, –  Hacı Kəlpəlizadə çıxışında vurğulayıb.

Təşkilatin digər fəalı, aksiyanın təşkilatçilarından biri Elçin Qasımov isə deyib ki, Almaniyada inteqrasiya qaydasında sığınacaq almış Anar Əliyev və ailəsinin vəziyyəti daha fərqlidir. Belə ki, həmin şəxs iş tətili (urlaub) qaydasında 2022-ci ilin yayında Azərbaycana qayıtdıqdan sonra həbs edilib və barəsində narkotika ittihamıyla cinayət işi açılıb:

“Əslində Anar Əliyevin saxlanılmasına səbəb onun 2018-2019-cu illərdə Almaniyada Azərbaycan siyasi hakimiyyəti əleyhinə aksiyalarda iştirakı olub. 

Daha bir siyasi fəal və “Müsəlman Birliyi Hərəkatı”nın üzvü, Rəşad Ramazanov 2022-ci ildə Gürcüstandan Azərbaycana geri dönüb və bir müddətdən sonra Azərbaycanda barəsində cinayət işi açılaraq həbs edilib”.

Aksiya iştirakçıları 11 sentyabrda həbs edilən “Xural TV”-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun barəsində açılan cinayət işinə də toxunublar.

Aksiyada ictimai fəal Bəxtiyar Hacıyevin də həbsinə toxunulub. Bildirilib ki, Bəxtiyar Hacıyev artıq iki ilə yaxındır, daxili işlər naziri Vilayət Eyvazovu tənqid etdiyinə görə təqib olunur. “Bəxtiyar Hacıyev Bakı şəhərində dəfələrlə naməlum adamlar tərəfindən döyülüb, təhqir olunub və şəxsiyyəti alçaldılıb. Lakin bununla bağlı heç kim cinayət məsuliyyətinə cəlb edilməyib”, – aksiyada vurğulanıb.

Sonda aksiya iştriakçilari öz müraciətlərini  və tələblərini “Ruhr Nachrichten” qəzetinin redaksiyasina təqdim ediblər. Onlar bu tələblərin işıqlandırılmasını və diqqətdə saxlanılmasını istəyiblər.

Müraciətdə bu məsələlərin həyata keçirilməsi tələb olunur:

  • Almaniya Xarici İşlər Nazirliyindən tələb edilsin ki, Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqları kontekstinə diqqət yetirsin;
  • Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Azərbaycan dövlət orqanlarından Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin, Pünhan Kərimlinin, Samir Aşurovun, Anar Əliyevin, Rəşad Ramazanovun azad olunması tələb edilsin;
  • Adları qeyd olunan mühacir-məhbusların (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Samir Aşurov, Pünhan Kərimli, Anar Əliyev, Rəşad Ramazanov) azad edilməsi üçün Azərbaycan hökumətinə siyasi təzyiqlər göstərilsin;
  • Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməsi və bütün siyasi məhbusları azad etməsi tələb edilsin;
  • Beynəlxalq hüquqda nəzərdə tutulduğu kimi vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilsin;
  • Siyasi partiyaların fəaliyyətini əks etdirən qanunvericilik əsas insan hüquqları və fəaliyyət azadlığı prinsiplərinə uyğunlaşdırılsın;
  • Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün beynəlxalq insan hüquqları təşkilatları və demokratik ölkələrin səfirlikləri Azərbaycan dövlət orqanlarından səkkiz şəxsin hər birinin azad olunması üçün müvafiq tələblər irəli sürsün;
  • Hüquq müdafiəçisi Bəxtiyar Hacıyevə qarşı açılmış cinayət işinə xitam verilsin və dərhal azad edilsin;
  • Xanım Gültəkin Hacıbəyliyə qarşı başlanılmış cinayət işinə xitam verilsin;
  • Müsəlman Birliyi Hərəkatı” üzvlərinə qarşı repressiyalara son qoyulsun.
Ana səhifəSiyasətAlmaniyadakı mühacirlər  “Siyasi məhbuslara azadlıq” tələbilə aksiya keçiriblər