close

Avropa Məhkəməsi Azərbaycan hökumətinə suallar göndərib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Vəkillərin, hüquq müdafiəçisi, jurnalist  və fəalın şikayəti araşdırılır

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş bir neçə şikayətlə bağlı hökumətə suallar ünvanlayıb.

Vəkil Elçin Sadıqov və Zibeydə Sadıqovanın işində ərizəçilər şəxsi həyata hörmət hüququnun pozuntusunu mübahisələndiriblər.

Məhkəmə işi 2022-ci ilin sonunda açılmış cinayət işi çərçivəsində ərizəçilərin ofisində, evində və avtomobilində aparılan axtarış və götürmənin qanunsuzluğu iddiaları ilə bağlıdır.

Sözügedən cinayət işi çərçivəsində eyni vaxtda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ofisində və evində də axtarış və götürmə aparılıb. Hüquq müdafiəçisi Rüfət Səfərovun Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verməsinin ardınca ona açılan cinayət işi üzrə verilmiş şikayət də araşdırılan işlər sırasındadır. Həmin vaxt Səfərov rüşvət alma cinayətində ittiham edilib, 9 il müddətinə azadlıqdan məhrum olunub.

“Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun 2 şikayəti araşdırılmağa başlanıb. Bu şikayətlər 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd zamanı saytda dərc edilmiş məqalələrə görə sayta, baş redaktora açılmış cinayət işi ilə bağlıdır. Hadisələr vaxtı A.Məmmədovun evində qərar olmadan axtarış aparılıb, mobil telefonlar, kompüterlər və bəzi sənədlər götürülüb. Ardınca, baş redaktor 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib.

Kommunikasiya edilməyə başlayan “Elvin Quliyev Azərbaycana qarşı” işi ərizəçi barəsindəki inzibati xəta haqqında icraatın qanunsuzluğu ilə bağlıdır. Siyasi fəal olan, sosial mediada tənqidi statuslar paylaşan ərizəçi polisə aparılmış, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb 30 günlüyə həbs edilmişdi.

Ana səhifəSosialAvropa Məhkəməsi Azərbaycan hökumətinə suallar göndərib