close

Avropa Məhkəməsi Azərbaycandan göndərilən 10 şikayətlə bağlı qərarlarını açıqladı

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Ərizələr ifadə azadlığı hüququnun pozulması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycandan göndərilmiş 10 ərizə ilə bağlı 6 qərardadını elan edib. Ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır.

Eldəniz Quliyev Azərbaycana qarşı”, – iş tanınmış ictimai fiqurlardan olan ərizəçinin yazılarına görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır.

Ərizəçi sonradan xəbər portallarında dərc edilmiş “Facebook” statusuna görə, Daxili işlər naziri tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Ərizəçi paylaşdığı məzmunda Daxili işlər nazirinə müraciət edib və şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı yol polisinin davranışını tənqid edib və bunu qanunsuz və qeyri-etik qiymətləndirib.

Nəsimi Rayon Məhkəməsi ərizəçini böhtan və təhqirdə təqsirli hesab edib, onun 480 saat ictimai işlərə cəlb edilməsini və 1000 Azərbaycan manatı məbləğində təzminat ödəməsini nəzərdə tutan hökm çıxarıb.

O, AİHM-ə müraciət edərək ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirib.
Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməni nəzərə alan məhkəmə ərizənin siyahıdan çıxarılmasına qərar verib.

Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2700, hüquqi xərclər əvəzi 450 avro ödəməlidir.

“Elnur Məhərrəmli Azərbaycana qarşı” – işində ərizəçi jurnalist, onlayn media portalının rəhbəridir. Ərizəçi korrupsiya və rüşvətxorluqdan bəhs edilən məqalələrinə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib, onun cinayət məsuliyyətinə cəlb edilməsi istənilib.

Xətai Rayon Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib, onun bir il altı ay müddətinə islah işlərinə məhkum edilməsinə və aylıq gəlirinin 15 faizinin dövlətin xeyrinə tutulmasına hökm verib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edib.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıb. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2000 avro mənəvi zərər, 700 avro hüquqi xərclər əvəzi ödəməlidir.

Nazim Məmmədov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin böhtana görə, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Özəlləşdirilmiş dövlət şirkətinin direktoru ərizəçini “YouTube”-da yayılmış videoya və “Facebook”-da yayılan statuslarına görə, xüsusi ittiham qaydasında məhkəməyə verib, iddia edib ki, ərizəçi rüşvət alma, dövlət vəsaitlərini mənimsəmə və vergidən yayınma kimi ağır cinayətlərdə ittiham etməklə ona böhtan atıb.

Lənkəran Rayon Məhkəməsi ərizəçini böhtanda təqsirli bilib, onun bir il müddətinə azadlqıdan məhrum edilməsi haqda hökm çıxarıb. Yuxarı məhkəmə cəzanın müddətini 10 aya endirib.

Ərizəçi AİHM-də Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, daxili məhkəmələrin qərarlarının onun ifadə azadlığı hüququnu pozduğunu iddia edib.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia edilən pozuntuları etiraf edib, ərizəçinin məruz qaldığı zərəri kompensasiya etməyi təklif edib. AİHM hökumətin təktərəfli bəyannaməsini qəbul edib. Qərardada görə, ərizəçiyə ümumilikdə 2700 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək.

Nazim Həsənov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçi barəsində inzibati xəta haqqında icraatın ədalətsiz olması iddiaları ilə bağlı idi. Ərizəçi inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün hər hansı əsasın mövcud olmadığını, məhkəmə qərarlarının əsaslandırılmadığını, özünün seçdiyi vəkilə çatımına imkan verilmədiyini iddia edirdi. AİHM bu işdə Konvensiyanın 6-cı maddəsinin pozulmasına qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər, xərc və məsrəflər əvəzi ümumilikdə 1250 avro ödəməlidir.

“Etibar Məmmədov Azərbaycana qarşı” – işi insanları müxalifətin təşkil etdiyi etiraz aksiyasında iştiraka çağıran broşüralar yaydığına görə ərizəçinin 2017-ci ildə saxlanılması və inzibati qaydada 15 sutkalığa məhkum edilməsi (İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddəsi) ilə bağlıdır.

Ərizəçi Konvensiyanın 5,10 və 18-ci maddələrinə əsasən, saxlanılmasının və məhkum edilməsinin qanunsuz olmasından, saxlanılmasının və məhkum edilməsinin onu siyasi fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşımasından, milli məhkəmələrin qərarlarının əsaslandırlmamasından şikayət edib.

Ərizənin araşdırması zamanı tərəflər dostca anlaşıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 5800, onun təmsilçisinə 500 avro ödəməlidir.

“Kərim Süleymanlı və başqaları Azərbaycana qarşı” – məhkəmə işində ərizəçilər barələrindəki inzibati xətalar üzrə icraat zamanı məhkəmə araşdırmasının ədalətsiz olmasından şikayət edib. Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar.

Məhkəmənin həmin anlaşmaya əsaslanan qərardadına görə, ərizəçilərdən K.Süleymanlı və Elvin Süleymanovun hər birinə 900 avro mənəvi zərər, 350 avro hüquqi xərclər əvəzi, Cavid Məmmədzadə və Baba Süleymanovun hər birinə isə 1000 avro mənəvi zərər, 250 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

“Zemfira Əliyeva Azərbaycana qarşı” – işində ərizəçi Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq, dinc toplantıların keçirilməsinə imkan verilməməsinin qanunsuzluğunu iddia edib. Kommunikasiya zamanı ərizəçi şikayətlərini davam etdirmək istəmədiyini bildirib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycandan göndərilən 10 şikayətlə bağlı qərarlarını açıqladı