close

Avropa Məhkəməsi Belçika dindarlarının heyvan kəsimi ilə bağlı verdiyi şikayəti rədd edib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

AİHM əsaslandırıb ki, halal kəsimə yasaq qoyulması etiqad azadlığını məhdudlaşdırmır, ayrıseçkilik ifadə etmir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) heyvan kəsimi ilə bağlı qərar qəbul edib.
Şikayətçilər Belçikada yerləşən yəhudi və müsəlman təşkilatlarının üzvləri idi. Onlar yaşadıqları ölkədəki heyvan kəsimi qaydalarından şikayət etmişdilər.

AİHM onların şikayətini rədd edib.

Şikayət nədən ibarətdir?

2019-cu ildə Belçikanın Valon və Flaman rayonlarında “halal heyvan kəsimi” yasaqlanıb. Bundan sonra bir qrup yəhudi və müsəlman məhkəmələrə üz tutub. Çünki Belçika qanunlarına görə, heyvanlar kəsilməzdən əvvəl huşsuz olmalıdılar, əzab çəkməməlidir. Halal kəsmə zamanı isə bu üsuldan istifadə edilmir.

Qanunun əleyhinə olan müsəlman və yəhudi təşkilatları bu qərardan əvvəlcə yerli məhkəmələrə müraciət etmişdi. Belçika məhkəmələrinin yekun qərarında bildirilirdi ki, halal kəsimin yasaqlanması ölkə Konstitusiyasına uyğundur. Şikayətlərinin təmin olunmayan vətəndaşlar daha sonra AİHM-nə şikayət göndərmişdilər.

Etiqad, inanc azadlığı?

11 ərizəçi təşkilat və fərd şikayətində bildirirdi ki, heyvanların halal yolla kəsilməsi onların dini inanclarının gərəkliliyidir və qərar onların etiqad, inanc azadlığını pozur.

AİHM-in qərarının və vətəndaşların şikayətinin mətnini şərh edən azərbaycanlı hüquqçu Xalid Ağəliyev deyir ki, ərizəçilər şikayətlərində dini inanclarına uyğun şəkildə heyvanların kəsilməsi yasaqlandığından, Qurban Bayramı ayinlərini yerinə yetirə, halal ət satın ala bilmədiklərini vurğulayıblar:

Qurban bayramı
Foto: arxiv

“Şikayətçilər bildirirdi ki, bu, onların Avropa Konvensiyasının 9-cu maddəsi ilə qorunan etiqad azadlığı haqlarını pozub. Onlar həmçinin, ayrı-seçkiliyə məruz qaldılarını da iddia edirdilər – fransızlar, niderlandlılar, digərləri heyvanı öz istəklərinə uyğun kəsə bilir, biz müsəlman və yəhudilər isə yox, deyirdilər”.

AİHM şikayətçilərin ərizəsini rədd edib

Avropa Məhkəməsi onların şikayətlərini yekdilliklə rədd edib. Əsaslandırıb ki, “halal kəsimə yasaq qoyulması etiqad azadlığını məhdudlaşdırmır, ayrıseçkilik ifadə etmir. Qaydalar heyvanların rifahı baxımından böyük önəm ifadə edir”.

Xalid Ağəliyev deyir ki, getdikcə, cəmiyyətlər heyvanların çəkdikləri əzablara daha artıq diqqət yetirməyə, önəm verməyə başlayıblar. Belçika qurumlarının tətbiq etdiyi yasaq belə toplumsal tələbatlara cavab verir.

Ana səhifəDünyaAvropa Məhkəməsi Belçika dindarlarının heyvan kəsimi ilə bağlı verdiyi şikayəti rədd edib