close

Avropa Məhkəməsi bloklanmış 4 mediaya görə Azərbaycanı cərimələdi

Foto: arxiv

Qərarda həmin saytlara qoyulmuş blokun götürülməsi də əskini tapıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 13-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə daha 2 qərar və qərardadını elan edib.

Məhkəmə blok edilmiş 4 medianın iddia etdikləri pozuntuları tanıyıb.

Bunlar Azad Avropa/Azadlıq Radiosu (azadliq.org), “anaxeber.az” onlayn xəbər portalının təsisçisi və redaktoru Azər Talıbov, “az24saat.org” onlayn xəbər portalının təsisçisi Vüqar Ələkbərov və “xural.com” saytının baş redaktoru Əvəz Zeynallıdır.

2017-2018-ci illərdə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri dəyişdirən dəyişikliklər edilmişdi.

Həmin dəyişikliklərdən sonra ərizəçi olan dörd onlayn mediaya Azərbaycan daxilindən giriş tamamilə blok edilmişdi.

Yerli məhkəmələr qərarlarını qanunvericiliyə edilmiş dəyişikliklərlə əsaslandırmışdılar.

Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, konkret məzmunlara yox, bütün internet resursuna blokun qoyulması ifrat dərəcədə ağır olub.

Onlara görə, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi məqsədi yox, hökuməti tənqid edən məzmunların qarşısının alınması məqsədi daşıyıb.

Ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu iddia edirdilər.

Avropa Məhkəməsi bu işdə mediaların blok edilməsinin onların ifadə azadlığı hüququnu pozduğu qənaətinə gəlib.

Məhkəmənin qərarına əsasən, hökumət 4 ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir.

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Bununla yanaşı, ərizəçilərdən “anaxeber.az”, “az24saat.org” və “xural.com” saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro ödənilməlidir.

Bu qərar internet resurslara tətbiq edilmiş bloklamanın qaldırılmasını ehtiva edir.

Ərizəçiləri AİHM-də vəkillər Elçin və Zibeydə Sadıqovlar təmsil ediblər.

“Zakir Mustafayev və başqaları Azərbaycana qarşı” məhkəmə işi isə cinayət ittihamı irəli sürülmüş ərizəçilərin saxlanılan və həbs edilən zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları iddiaları ilə bağlı idi.

Ərizəçilər iddia edirdilər ki, onlardan etirafedici ifadələr alınması məqsədilə işgəncəyə məruz qalıblar.

Müxtəlif bədən xəsarətləri aldıqlarını, öz seçdikləri vəkillərə çatıma imkan verilmədiyini, ailələrinin həbsləri haqda bilgiləndirilmədiyini iddia edən ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü və 10-cu maddələrinin pozuntusunu mübahisələndirmişdilər.

AİHM hesab edib ki, ərizəçilərin hər birinə münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.

Məhkəmə həmçinin ərizəçilərdən Abbas Hüseynov, Əlibala Vəliyev, Abbas Quliyev, Rasim Cəbrayılov, Əli Nuriyevə münasibətdə Konvensiyanın 3 maddəsinin maddi aspektdən də pozulmasına qərar verib.

Məhkəmənin qərarına görə, hökumət mənəvi zərər əvəzi olaraq, ərizəçilərdən Abbas Hüseynov, Əlibala Vəliyev, Abbas Quliyev, Rasim Cəbrayılov, Əli Nuriyevin hər birinə 7500, Zakir Mustafayev, Ramin Yarıyevin hər birinə isə 5000 avro ödəməlidir.

Bunlardan başqa ərizəçilərin hər birinə 1000 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

Ərizəçiləri AİHM-də vəkillər Elçin və Zibeydə Sadıqovlar, Nemət Kərimli, Fariz Namazlı və Yalçın İmanov təmsil ediblər.

Ana səhifəSiyasətAvropa Məhkəməsi bloklanmış 4 mediaya görə Azərbaycanı cərimələdi