close

Avropa Məhkəməsi şikayətçinin dediyi bütün pozuntuları tanıyıb

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Məhkəmə təzminat müəyyən etməyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha bir qərarını elan edib. Məhkəmə şikayətçinin iddia etdiyi bütün pozuntuları tanıyıb.

“Laləzar Məmmədova Azərbaycana qarşı” işin hallarına görə, ərizəçi 1996-cı ildə dələduzluqla üzləşməsi səbəbindən evsiz qalıb.

Ona elə həmin il Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Gəncədəki bazasının qeyri-yaşayış binasının bir hissəsində məskunlaşmağa icazə verilib. 2011-ci ildə isə adıçəkilən institut binanın bir hissəsini qanunsuz zəbt etməsi əsası ilə ərizəçiyə qarşı Kəpəz Rayon Məhkəməsində iddia qaldırıb, onun binadan çıxarılmasını tələb edib.

Məhkəmə də ərizəçinin binanı qanunsuz zəbt etdiyini müəyyən edib, onun məskunlaşdığı tikilidən çıxarılmasına qərar verib. Ərizəçinin yuxarı məhkəmələrə şikayətləri uğursuz olub.

O, AİHM qarşısında Konvensiyanın 8-ci maddəsinin, eləcə də hüquqi təmsilçisi İntiqam Əliyevin ofisində axtarış aparılması, onun işi ilə bağlı sənədlərin götürülməsi epizodu üzrə 34-cü maddəsinin pozuntusunu mübahisələndirib.

Avropa Məhkəməsi ərizəçinin məskunlaşdığı mənzildən çıxarılmasını nəzərdə tutan məhkəmə qərarlarının daxili qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib, ancaq bu qərarların “demokratik cəmiyyətdə zərurlik” testinə cavab vermədiyini müəyyən edib.

“…Milli məhkəmələr hazırkı işdə ərizəçinin evdən çıxarılmasına qərar verərkən yalnız evin qanunsuz zəbt edilməsi faktına diqqət yetiriblər… Sözügedən evin ərizəçinin yeganə evi olması və başqa ev almağa imkanları olmaması, evdən çıxarılsalar, ailəsi ilə birlikdə evsiz qalacaqları aydın olsa da, milli məhkəmələr bu məqamlara ümumiyyətlə məhəl qoymayıblar… İş materiallarında olan sənədlərdən də görünür ki, ərizəçi 2012-ci ildə evdən çıxarılıb, lakin 2017-ci ilə qədər bina sökülərək təmir işlərinə başlanmayıb, bu baxımdan dövlət və ya ictimai ehtiyaclar üçün binanın təcili tələb olunmasına dair heç bir sübut da yoxdur”, deyə qeyd edən Məhkəmə ərizəçiyə münasibətdə Konvensiyanın 8-ci maddəsinin pozulmasına qərar verib.

Məhkəmə həmçinin, ərizəçinin hüquqi nümayəndəsinin ofisində axtarış aparılması, sənədlərin götürülməsi ilə cavabdeh Dövlət Konvensiyasının 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəlib.

Məhkəmə təzminat müəyyən etməyib. Bunu ərizəçinin ədalətli əvəz tələblərini Məhkəmənin müəyyən etdiyi müddət daxilində etməməsi ilə əsaslandırıb. Ərizəçi isə ədalətli əvəzlə bağlı tələblərini müddət daxilində təqdim etdiyini, onların itdiyini iddia edib.


Ana səhifəXəbərlərAvropa Məhkəməsi şikayətçinin dediyi bütün pozuntuları tanıyıb