close

Avropa Mərkəzi Bankı hələ inflyasiyanın bitmədiyini deyir

Avropada inflyasiya. Foto: DesignRage/shutterstock

Məmurları narahat edən xidmət qiymətlərinin artmasıdır

Avropa Mərkəzi Bankının Prezidenti Kristin Leqard yüksək inflyasiya ilə mübarizənin hələ bitmədiyi ilə bağlı açıqlama verib. Bildirib ki, inflyasiya ilə mübarizədə sayıqlıq, öhdəlik və əzmkarlıq lazımdır. “Bloomberg” yazır ki, Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizəsi hələ bitməyib. Kristin Leqard isə deyib ki, onlar son həftələrdə borclanma xərclərini aşağı salsalar da, ayıq-sayıq olmaqda fayda var:

“Düzdür, bir çox cəbhədə irəliləyiş var. Lakin inflyasiyanın ram edilməsi üçün uzun yol, böyük əmək sərf etmək lazımdır”.

Prezident qeyd edib ki, qiymət sabitliyini davamlı əsasda təmin etmək üçün faiz dərəcələrinin zəruri olduğu müddətcə məhdudlaşdırıcı qalması lazımdır.

Kristin Leqard. Foto: Reuters

“Başqa sözlə, əvvəlki kimi bərk basmasaq belə, ayağımızı bir müddət əyləcdə saxlamalıyıq”, – o deyib.

Avropa Birliyi ölkələrində inflyasiya may ayında gözləniləndən daha çox sürətlənərək 2,6 faizə çatıb. Məmurları daha da narahat edən xidmət qiymətlərinin artmasıdır. Leqard əlavə edib ki, gələcək siyasət qərarları üç amildən asılı olacaq:

İnflyasiyanın hədəfimizə vaxtında qayıtdığını görməyə davam edib-etməməyimiz, iqtisadiyyatda ümumi qiymət təzyiqlərinin azaldığını görüb-görməməyimiz və pul siyasətimizi hələ də təsirli görüb-görməməyimizdən asılı olacaq. Bütün bu amillər ayağımızı əyləcdən nə vaxt götürə biləcəyimizi müəyyənləşdirəcək”, – o bildirib.

Ana səhifəİqtisadiyyatAvropa Mərkəzi Bankı hələ inflyasiyanın bitmədiyini deyir