close

Avropa Parlamentinin deputatlarından Azərbaycana qarşı sanksiya tələbi

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Qətnamədə Bakı ilə əməkdaşlığa yenidən baxmağa çağırış edilir

Avropa Parlamenti (AP) Dağlıq Qarabağdan köç edən ermənilərlə bağlı hazırkı vəziyyəti “etnik təmizləmə”yə bərabər hesab edib. Avropa Parlamentinin deputatları bu səbəbdən oktyabrın 5-də Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar qoymağa, həmçinin Bakı ilə əməkdaşlığa yenidən baxmağa çağıran qətnamə qəbul edib.

 Qətnamədə bildirilir ki, həmçinin Azərbaycan qazından asılılıq da azaldılmalıdır.

 “Aİ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasına və buradakı insanların hüquqlarına görə məsuliyyət daşıyan Azərbaycan hökumət rəsmilərinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməlidir”, – qətnamədə bildirilir.

Deputatlar istəyirlər ki, Aİ Bakı ilə yenilənmiş tərəfdaşlıq və mövcud enerji memorandumuna dair istənilən danışıqları dayandırsın. Həmçinin Türkiyə Azərbaycanın müttəfiqi kimi diqqətdə saxlansın.

Avropa Parlamenti hesab edir ki, Azərbaycan Dağlıq Qarabağa nəzarəti zorakılıq yolu ilə ələ alıb. Buna görə məsuliyyət daşıyan bütün şəxslərə qarşı sanksiyalar tətbiq edilməlidir.

Parlamentin qəbul etdiyi qətnamədə Azərbaycanın sentyabrın 19-da Dağlıq Qarabağda həyata keçirdiyi hərbi əməliyyatı əvvəlcədən planlaşdırılan adlandırılıb, pislənilir. Avropa Parlamenti deputatlarının fikrincə, bu, beynəlxalq hüququn və insan hüquqlarının kobud şəkildə pozulmasıdır:

 “Atəşkəsə nail olmaq üçün əvvəlki cəhdlərin açıq-aşkar çeynənməsidir. Son hücumdan sonra 100.000-dən çox etnik erməninin anklavı tərk etməyə məcbur edildiyini nəzərə alaraq, Avropa Parlamentinin deputatları hazırkı vəziyyətin etnik təmizləməyə bərabər olduğunu bildirir və Azərbaycan qoşunlarının Dağlıq Qarabağın erməni sakinlərinə qarşı törətdiyi təhdidləri və zorakılığı qətiyyətlə pisləyir”, – qətnamədə həmçinin qeyd edilir.

Avropa Parlamenti Aİ və üzv dövlətləri Dağlıq Qarabağdan qaçqın axını və sonrakı humanitar böhranla mübarizə aparmaq üçün dərhal Ermənistana bütün lazımı yardımı təklif etməyə çağırıb.

“Azərbaycanın son hücumundan dəhşətə gəlməmək mümkün deyil. Azərbaycan anklavda olan bütün insanların təhlükəsizliyi və rifahının təmin edilməsi üçün tam məsuliyyət daşıyır. Həmçinin Azərbaycan hərbçiləri tərəfindən hərbi cinayətlər təşkil edə biləcək sui-istifadə hallarının araşdırılmasını tələb edirik”.

Qətnamənin sonunda bildirilir ki, Avropa Parlamenti Azərbaycan Prezidenti İlham Əliyevin və digər Azərbaycan rəsmilərinin Ermənistanın ərazi bütövlüyünü təhdid edən irredentist və qızışdırıcı bəyanatlarından ciddi narahatdır:

“Bakını istənilən potensial hərbi avantürizmə qarşı xəbərdar edirik. Türkiyəni müttəfiqini təmkinlə saxlamağa çağırırıq”.

Qətnamədə həmçinin Türkiyənin Azərbaycanın silahlandırılmasında iştirakı və həm 2020, həm də 2023-cü illərdə Bakının hücumlarına tam dəstəyi pislənir.

“Aİ Bakı ilə əlaqələrini hərtərəfli nəzərdən keçirməlidir. Azərbaycan kimi beynəlxalq hüququ və beynəlxalq öhdəlikləri açıq-aşkar pozan və insan haqları ilə bağlı qorxunc vəziyyətə malik ölkə ilə strateji tərəfdaşlığı inkişaf etdirmək Aİ-nin xarici siyasətinin məqsədləri ilə bir araya sığmır. Aİ-ni Bakı ilə yenilənmiş tərəfdaşlığa dair istənilən danışıqları dayandırmağa çağırırıq. Vəziyyət yaxşılaşmasa, Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsi sazişinin tətbiqini dayandırmağı nəzərdən keçirməlidir”, – Avropa Parlamentinin deputatları bildirir.

Parlament həmçinin Aİ-ni Azərbaycan qazının idxalından asılılığını azaltmağa və Ermənistana qarşı hərbi təcavüz və ya əhəmiyyətli hibrid hücumlar olarsa, Aİ-ni Azərbaycan nefti və qazının idxalını tam dayandırmağa çağırır.

Qətnamə lehinə 491, əleyhinə 9, bitərəf 36 nəfər olmaqla qəbul edilib.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Ana səhifəSiyasətAvropa Parlamentinin deputatlarından Azərbaycana qarşı sanksiya tələbi