close

Avtoritar liderlərin Bakıya ardıcıl səfərləri: anti-Qərb qruplaşması, yoxsa iqtisadi maraqlar?..

İlham Əliyev və Robert Fitso. Foto: president.az

Adçəkilən ölkələrin rəsmi şəxsləri Avropada daha çox rusiyapərəst kimi tanınırlar

Aprelin sonundan Şərqi Avropanın anti-Qərb liderlərinin Bakı səfərləri müəyyən ardıcıllıqla davam edir.

Aprelin 25-də Macarıstanın xarici işlər naziri Peter Siyarto, mayın 6-da Slovakiyanın Baş naziri Robert Fiko, bir gün sonra isə Bolqarıstan Prezidenti Rumen Radev Bakıya gəldilər.

Bu gün isə Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıdadır.

Əliyevlə Lukaşenkonun “kreativ tərəfdaşlığı…”

Lukaşenko bu gün Bakıda İlham Əliyevlə görüşündə deyib ki, onların qapalı mövzuları yoxdur, hər şey açıqdır:

Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər”.

Əliyev isə səfəri kreativ tərəfdaşlıq kimi yüksək qiymətləndirib.

Foto: president.az

Adçəkilən ölkələrin rəsmi şəxsləri Avropada daha çox rusiyapərəst kimi tanınırlar.

Bu arada Slovakiya və Macarıstan Avropa Birliyinin Gürcüstanla bağlı bəyanatını bloklayıb və Ukraynaya yardımın əleyhinə çıxışları ilə yadda qalıblar.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Avropa İttifaqını İrana və Azərbaycana qarşı münasibətinə görə ittiham etməsi də təsadüfi deyildi.

ABŞ-dan sanskiya tələbi, Çin və Rusiyadan cavab bəyanatı…

Mayın 13-də ABŞ Dövlət katibinin keçmiş müavini Viktoriya Nuland Çini gizli şəkildə Rusiyanın hərbi ehtiyaclarını dəstəkləməkdə ittiham edib:

Düşünürəm ki, iki stulda oturmağın mümkün olmayacağı barədə Çinlə birbaşa danışmağımız tamamilə zəruridir. Siz ya Rusiyanı dəstəkləyirsiniz, öz reputasiyanızı, xarici ticarətinizi qurban verirsiniz, ya da həqiqətən, neytral olursunuz”.

Mayın 16-da isə Çin və Rusiya liderləri Pekində birgə bəyanatla çıxış ediblər.

Foto: Reuters

Sənəddə ABŞ-dan hərbi bioloji fəaliyyətləri dayandırmaq tələb olunur:

Xarici dövlətlərin əmlakına və əmlakına həbs qoyulması təşəbbüsləri pislənilir, ayrı-ayrı ölkələrin kosmosdan silahlı qarşıdurma məqsədləri üçün istifadə etmək cəhdlərinə qarşı çıxılır, hərbi sahədə əməkdaşlığı gücləndirməkdə davam edəcəyi qeyd olunur”.

Bəyanatda həmçinin ABŞ-nin Şimal-Şərqi Asiyada güc balansını dəyişmək üçün hegemonluq cəhdlərinə qarşı çıxılır.

Bundan əlavə, sənəddə qeyd olunur ki, Rusiya Çinin Ukrayna böhranının siyasi həllində kömək etməyə hazır olmasını alqışlayır.

Bütün bunlara Gürcüstanda və Ermənistandakı hadisələri də əlavə etdikdə dünyada və regionda qlobal qarşıdurmanın əlamələtlərinin göründüyü açıq sezilir.

Bəs Şərqi Avropanın Rusiyaya meylli hökumət başçılarının ard-arda Azərbaycana səfərinin alt yapısında nə dayana bilər? Moskva və müttəfiqləri bu gedişlə anti-Qərb koalisiyası yaradırmı?

Meydan TV bu suallara cavab tapmaq üçün siyasətçilərə və iqtisadçılara müraciət edib. Çünki mövzu Qərbdən Rusiya və müttəfiqlərinə qarşı siyasi təzyiqlərlə yanaşı, iqtisadi embarqo və sanksiyalarla da diqqət çəkir.

“Şərqi Avropanın Azərbaycana marağı kimi dəyərləndirilməlidir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Meydan TV-yə deyib ki, Şərqi Avropa dövlətlərinin Azərbaycana marağını yüksək səviyyədə qiymətləndirmək lazımdır:

Bu, Qərbi Avropadan sonra Şərqi Avropanın Azərbaycana marağı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanın xarici ticarət dövriyyəsinin üçdə ikisindən çoxu Qərbi Avropa ölkələrilədir: bura İtaliya, İspaniya, Böyük Britaniyanın şirkətləri daxildir. Məhz əsas ticarət tərəfdaşlarımız da Qərbi Avropa ölkələridir. Ona görə də Şərqi Avropa ölkələrinin də Azərbaycana marağının artmasını Qərbdən sonrakı proses kimi qiymətləndirməliyik. Buna nə Qərbi Avropanın Azərbaycana marağının azalması, nə də Şərqi Avropa prioriteti kimi baxmaq lazımdır”.

Hikmət Babaoğlu. Foto: axar.az

Hazırda Azərbaycana qarşı başda Fransa olmaqla guya anti-Qərb mövqe sərgilədiyimiz haqda yanlış təsəvvür formalaşdırılır. Lakin Azərbaycanın ticarət tərəfdaşlığına baxaq, qaz ixrac etdiyimiz 9 Avropa ölkəsindən altısı Qərbi Avropada yerləşir. Hətta aralarında NATO üzvləri də var. Belə olduqda səsləndirilən ittihamlar siyasi şantajdır və Azərbaycanın beynəlxaq imicini ləkələməyə yönəlib. Çox təəssüf ki, qlobal imperializmin Azərbaycanda ruporu olan “Turan”, “Azadlıq” radiosu və Meydan TV kimi informasiya resurslarına da Qərbdən belə direktivlər göndərirlər. Deyirlər ki, Azərbaycanı şantaja məruz qoyun. Bununla da, yerli ictimai rəydə yalançı fikir formalaşdırırlar, guya Qərbə qarşı nələrsə yaranır”, – deyə Babaoğlu əlavə edib.

Politoloq Əliyevi avtoritar liderlər qrupunda görür…

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı Azərbaycanın başçılığı ilə hansısa bir koalisiyanın yaranmasına inanmır, amma Əliyevi avtoritar liderlər qrupunda görür:

Sadəcə, Azərbaycan da avtoritar dövlət başçıları qrupuna daxildir. Artıq bu qrupa postsovet və bir sıra Avropa ölkələri aiddir. Hətta Avropa Şurası və ya Avropa İttifaqında Azərbaycanla bağlı məsələ müzakirə ediləndə, həmin ölkələr bloklamağa çalışırlar. O cümlədən, Ukrayna və Gürcüstanla bağlı məsələləri də. Bu, dünyada demokratiya və diktatura arasında mübarizənin getdiyinin göstəricisidir. Düzdür, Macarıstan və Slovakiyanı diktatura adlandırmaq yanlışdır. Amma həmin ölkələrdə avtoritarizmə meylli olan siyasi rejimlər formalaşır”.

Qasımlının sözlərinə görə, bu dövlətlərin Azərbaycana dəstəyi təmannasız deyil:

Azər Qasımlı. Foto: Meydan TV

Rəsmi Bakı bütün bunların müqabilində onların hansısa investisiya proqramlarında iştirak edir. Hətta sabah bu ölkələrin medialarında xəbər çıxsa ki, Azərbaycan hökuməti bu adamların seçkilərini maliyyələşdirir, təəccübləmərəm. Çünki şəxsi və hakimiyyət maraqları üst-üstə düşdüyündən bir-birlərinə dəstək verirlər. Bununla bərabər ideoloji bağlılıq da var, Macarıstan Avropa İttifaqının üzvü olmasaydı, Azərbaycana yaxın idarəetmə qurardı. Yaxud Türkiyədə seçki institutu olmasaydı, Ərdoğan diktatura yaradardı”.

Politoloq Aleksandr Lukaşenkonun bügünkü bəyanatını isə belə şərh edib:

Rusiya guya öz milli maraqlarını müdafiə edən ölkələrə liderlik etməsəydi, bu ölkələrin hamısı qlobal dünyanın “yeminə” çevrilərdi. Ona görə bu dövlətlər bir-birini həmin yanaşma əsasında dəstəkləyirlər”.

“Bu ölkələrin maraqlarının NATO və Avropa İttifaqının əleyhinə olması anlamına gəlməməlidir”

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Slovakiya və Macarıstanın Avropa İttifaqının və NATO üzvü olduğunu əsas gətirərək deyir ki, bu dövlətlər ən azından maraqları çərçivəsində davranmağa çalışırlar:

 “Məsələn, Avropa İttifaqında COVİD19-la bağlı fond yaranmışdı, Macarıstan istisna olmaqla üzv ölkələrin hamısına maliyyə ayırdılar. Ona görə Ukrayna məsələsində bu ölkə veto hüququndan istifadə etdi, amma fonddan maliyyə ayrılanda vetonu aradan qaldırdı. Yaxud İsveçin NATO-ya üzvlüyünə görə vetonu götürdü. Bu ölkələrin maraqları çərçivəsində davranması onların NATO və Avropa İttifaqının əleyhinə olması anlamına gəlməməlidir”.

Natiq Cəfərli Şərqi Avropa ölkələrinin Rusiyadan ən çox enerji asılılığı olan ölkələr olduğunu qeyd edib:

Slovakiya müharibədən öncə qazının 90 faizini Rusiyadan alırdı, Macarıstan neft təminatının 80 faizini sovet vaxtı çəkilən boru xətti vasitəsilə alır. Ona görə də bu ölkələrin alternativ enerji mənbələri axtarmaları normaldır. Burada da Azərbaycan o mənada mühüm rol oynaya bilər. Amma enerji məhsullarımız o qədər çox deyil ki, Avropanın təhcizatında xüsusi rol oynasın. Azərbaycan rəsmilərinin açıqlamalarının əksinə olaraq, neft və qazımız Avropanın ümumi təlabatının cüzi hissəsidir”.

Natiq Cəfərli
Foto: Natiq Cəfərlinin arxivindən

Avropa İttifaqının ildə ümumi təlabatı 500 milyard kubmetrdir, Azərbaycan isə 2023-cü ildə 11 milyard kubmetr qaz satıb. Ancaq Bolqarıstan, Slovakiya və Macarıstan üçün Azərbaycanın enerji ehtiyatları ehtiyaclarını azaltmaq üçün kifayət qədər rol oynaya bilər. Bu baxımdan məsələyə ümumi maraqlar baxımından yanaşmaq olar”, – deyə o vurğulayıb.

Azərbaycan da bəzi Qərb ölkələrindən gələn tənqidlərdən cavab olaraq diplomatik jest kimi Avropanın “ağ qarğaları” ilə daha yaxından əlaqə qurmaqla sanki Brüsselə mesaj ötürməyə çalışır. Lakin bu Macarıstanın, Slovakiyanın anti-qərb koalisiyasında yer alması anlamına gələ bilməz. Sadəcə, müəyyən sualları və fərqli davranışları olan ölkələrdir”, –  iqtisadçı əlavə edib.

Natiq Cəfərlinin fikrincə, Azərbaycan istəsə belə, anti-Qərb koalisiyasında yer ala bilməz:

Ölkə iqtisadiyyatının Qərbdən asılılğı o qədər yüksək səviyyədədir ki, bu qitədən başqa alternativlər də yoxdur. Neftin 51, qazın isə 75 faizə yaxını Qərb ölkələrinə satılır. Ən böyük alıcımız da İtaliyadır. Belə olduqda, Azərbaycan necə anti-qərb siyasəti yürüdə bilər? Bunu edərsə, özünə qarşı iqtisadi problemlər yaradar. Sadəcə, rəsmi Bakı insan haqları, siyasi məhbuslarla bağlı haqlı tənqidlərə bu cür reaksiya verməklə münasibətini ifadə etməyə çalışır”.

Ana səhifəSiyasətAvtoritar liderlərin Bakıya ardıcıl səfərləri: anti-Qərb qruplaşması, yoxsa iqtisadi maraqlar?..