close

AXCP-də mitinq müzakirələri: “Hökuməti test etmək istəyirik”

Foto: Meydan TV


Əli Kərimli deyir ki, rəsmi müraciət edilməsə də, partiyada mitinq müzakirələri aparılır

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mitinq keçirməklə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etməsə də, təşkilat daxilində müzakirələrə start verilib.

Bu barədə partiyanın sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında bildirib.

Əli Kərimlinin sözlərinə görə, mitinqlə bağlı yekun qərar qəbul olunmasa da, partiyanın strukturlarında müzakirələr gedir:

“Partiya rəhbərliyində və yerli təşkilatlarda belə bir fikir var ki, hər halda sərbəst toplaşmaq azadlığından istifadə etməyə növbəti dəfə cəhd göstərməliyik”.

AXCP sədrinin fikrincə, ölkədə çoxlu sayda problemlər var ki, onları mitinqlərdə tələb etməyə ehtiyac var:

Mitinqlərdə siyasi məhbusların azadlığı, seçki islahatı, sosial tələblərin də səsləndirlməsinin müzakirəsini aparırıq. Amma mitinqin nə zaman və hansı tələblərlə keçirilməsi haqda hələ qərar qəbul olunmayıb. Ümumi qənaət odur ki, təşəbbüs göstərək”.

Əli Kərimli
Foto: Meydan TV

Bu yay, yaxud payızda parlament seçkilərinin keçirilməsi də gözlənilir. Hesab edirik ki, Azərbaycan hökuməti də özü üçün aydınlaşdırmalıdır ki, daha bir seçkini də sərbəst toplaşmaq azadlığına qadağa şəraitində keçirmək istəyir, yoxsa qarşıdan gələn seçki ərəfəsində bu qədər beynəlxalq təzyiqləri, ölkə ictimaiyyətinin nəzərə alıb 5 il əvvəl olduğu kimi aksiyalara icazə qismən də olsa, təmin edilsin?.. Bu həm də hökumət üçün bir sınaq olsun. Yəni hökuməti də sınağa çəkəcəyik ki, daha bir seçkini də tam saxtalaşdırmaq niyyətindədir, yoxsa heç olmasa elementar rəqabətə hazırdır. Bu həm onun testi olacaq, həm də bizim bir sıra problemləri meydanlarda xalqla birlikdə tələb etmək niyyətimiz var”.

Azərbaycanda sonuncu dəfə 2019-cu il yanvarın 19-da Milli Şuranın təşkilatçılığı ilə “Məhsul” stadionunda aksiya keçirilib.

Ondan sonra pandemiya başladığından sərbəst toplaşmaq azadlığına qadağa qoyulub.

Bu müddət ərzində hakimiyyət bir neçə izdihamlı tədbir keçirsə də, həmin vaxtdan müxalifətə icazə verilməyib.

Ana səhifəSiyasətAXCP-də mitinq müzakirələri: “Hökuməti test etmək istəyirik”