close

“Ay brat” meyxanasının müəllifi məhkəmə qarşısında

Mahir Qonşuyev. Foto: sosial şəbəkə

O, narkotik saxlamada ittiham edilir

Narkotik ittihamıyla həbs olunan meyxanaçı Mahir Qonşuyev məhkəmə qarşısına çıxarılıb.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Noyabrın 14-də məhkəmənin hazırlıq iclasında meyxanaçının anket məlumatları dəqiqləşdirilib.

1984-cü il təvəllüdlü Mahir Qonşuyev Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2023-cü ilin iyununda həbs olunan Mahir Qonşuyevin tutulmasının səbəbi haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, o, saxlanılarkən cibindən külli miqdarda metamfetamin (“patı”, “şüşə”) tapılıb.

Mahir Qonşuyev əsasən “Ay brat” meyxanasından sonra məşhurlaşmışdı.

Meyxanaçı həmçinin “Youtube”da “Mahir Ay Brat” adlı səhifədə cinayətkarlığı, narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşmaqda ittiham olunurdu.

Hazırlıq iclasında Mahir Qonşuyev və vəkili heç bir vəsatətlərinin olmadığını bildiriblər.

Onlar cinayət işinin məhkəmə baxışına verilməsini və araşdırmaların başlanmasını istəyiblər.

Meyxanaçının işi üzrə məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.

Ana səhifəSosial“Ay brat” meyxanasının müəllifi məhkəmə qarşısında