close

Azərbaycan Avropa Məhkəməsinə şikayət edən ölkələr arasında ilk onluqdadır

Foto: arxiv

Bu göstəriciyə əsasən, Azərbaycana aid icraata götürülən işlərin sayı 24 faiz artıb

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən şikayətlərin sayına görə ölkələr arasında ilk onluqdadır .

Bu barədə AİHM-in 2023-cü ilin yekunlarına dair hesabatından bu qənaətə gəlinib.

Hesabatda deyilir ki, AİHM-in bütün ölkələrdən icraata götürdüyü işlər 2022-ci ildə 45,500 olub. 2023-cü ildə bu rəqəm 34,600-a enib.

Bu göstəriciyə əsasən, Azərbaycana aid icraata götürülən işlərin sayı 24 faiz artıb.

Azərbaycandan göndərilən müraciətlərin sayı 2022-ci ildə 389 idisə, 2023-cü ildə 438-ə qalxıb. 2021-ci ilin göstəricisi 425 olub.

Avropa İnsan Hüquqları Məhkəməsinin icraata götürdüyü işlərin sayı üzrə birinci üç yeri Türkiyə (8,341), Rumıniya (2,821) və Ukrayna (2,531) bölüşürlər.

Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyatı hökumətlərlə kommunikasiya, yəni rəy mübadiləsi etdiyi işlərin sayı ümumilikdə 2022 və 2021-ci illərlə müqayisədə azalsa da, Azərbaycanla kommunikasiya edilən işlərin sayında əhəmiyyətli artım qeydə alınıb.

2023-ci ildə Azərbaycanla kommunikasiya edilən şikayətlər 613 olub, halbuki, bu rəqəm 2022-ci ildə 237 idi.

Bütünlükdə Avropa İnsan Hüquqları Məhkəməsi üzrə barəsində qərar verilmiş şikayətlərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 39,570-dən 38,260-a düşüb.

2023-cü ildə Azərbaycan üzrə 77 şikayət barəsində qərar çıxarılıb. Bu rəqəm 2022-ci ildə 51 olub.

Azərbaycandan 655 ərizə qəbuledilməz hesab edilib və ya xaric edilib (hökumətlə ərizəçilər arasında barışıq sazişinin əldə olunması ilə əlaqədar). 2022-ci ildə bu göstərici 269, 2021 – ci ildə isə 298 olub.

2023 -cü ilin sonunda Avropa İnsan Hüquqları Məhkəməsində baxılmaq üçün Azərbaycandan 1877, bir il əvvəl isə 2170, 2021-ci ildə 2092 ərizə olub. Bununla belə, Azərbaycan Avropa Məhkəməsində baxılmaqda olan işlərin sayına görə Avropa Şurasına üzv ölkələrin onluğuna daxildir.

Ana səhifəXəbərlərAzərbaycan Avropa Məhkəməsinə şikayət edən ölkələr arasında ilk onluqdadır