close

Azərbaycan əsgərinin intihar etdiyi bildirilir

Əsgər. Mənbə: “Freepik”

Prokurorluq intiharın səbəblərini araşdırdığını deyir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Nurəddin Hüseynovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə iyulun 14-də Hərbi Prokurorluğun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Nurəddin Hüseynovun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında qurumun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər.

Prokurorluq iş üçün əhəmiyyət kəsb edən predmetlərin maddi sübut kimi götürüldüyünü və digər hərəkətləri icra etdiyini bildirib:

“Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”, – deyə Hərbi Prokurorluq əlavə edib.

Hərbi Prokurorluq. Mənbə: “Azərtac”

Hərbi Prokurorluğun açıqlamasında əsgərin hansı rayondan olduğu qeyd olunmur.

Sadəcə, Gəncədə yerləşən “N” saylı hərbi hissədə 2004-cü il təvəllüdlü Nurəddin Hüseynovun hərbi hissənin yataqxanasında intihar etdiyi bildirilir.

Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.

Meydan TV Nurəddin Hüseynovun yaxınları ilə əlaqə yaratmağa cəhd etsə də, bu, baş tutmayıb.

Ana səhifəSosialAzərbaycan əsgərinin intihar etdiyi bildirilir