close

Azərbaycan hələlik vətəndaşlarının İsraildən təxliyəsinə ehtiyac görmür

Foto: XİN

HƏMAS-ın girov götürdükləri arasında müxtəlif ölkələrin vətəndaşlarının olduğu deyilir

HƏMAS silahlı birləşməsi tərəfindən qadınlar və uşaqlar da daxil olmaqla 100-dən çox israillinin girov götürülərək Qəzzaya aparıldığı bildirilir.

HƏMAS təmsilçisi Musa Əbu Marzuk açıqlama verərək deyib ki, girovlar arasında yüksək rütbəli hərbçilər də var.

“İslam cihadı” Fələstin qruplaşmasının başçısı Ziyad əl-Nahala isə deyib ki, döyüşçüləri 30-a yaxın israillini əsir götürüb. Onlar yalnız fələstinli məhbuslar İsrail həbsxanalarından buraxılarsa, azad ediləcəklər.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü polkovnik-leytenant Conatan Konrikus az sayda İsrail mülki və əsgərinin girov saxlanıldığını deyib, lakin yerli media sayın 100-dən çox olduğunu açıqlayıb.

Həmçinin yerli media yazır ki, saxlananlar arasında digər ölkələrin, o cümlədən ABŞ, Almaniya və Tayland vətəndaşları ola bilər. İtkin düşənlər arasında İsrailin cənubundakı musiqi festivalında iştirak edən Britaniya vətəndaşı Jake Marlowenin də olduğu bildirilir. ABŞ və Böyük Britaniya rəsmiləri təcili olaraq bir neçə amerikalı və bir Britaniya vətəndaşının əsir düşdüyünə dair iddiaları araşdırır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildən Azərbaycana hər hansı təxliyənin gündəmdə olmadığını bildirib.

XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:

“Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.

Azərbaycan Hava Yolları aviaşirkəti (AZAL) də İsrailə uçuşları bərpa edib. Şirkət baş verən son hadisələrlə əlaqədar oktyabrın 8-dən təxirə saldığı Tel-Əviv uçuşlarını oktyabrın 10-dan bərpa etdiyini açıqlayıb.

Oktyabrın 7-də səhər saatlarında Qəzzaya nəzarət edən HƏMAS qruplaşması İsrailə qəfil hücum başladıb.

HƏMAS qruplaşmasının komandirlərindən Məhəmməd Deif azı 5000 raket atıldığını bildirərək bütün fələstinliləri döyüşməyə çağırıb.

İsrail rəsmiləri azı 300 nəfərin öldüyünü, 1800 nəfərin isə yaralandığını bildirib.
Fələstinin səhiyyə rəsmiləri isə Qəzza və digər regionlarda 313 nəfərin öldüyünü açıqlayıb.

Ana səhifəSiyasətAzərbaycan hələlik vətəndaşlarının İsraildən təxliyəsinə ehtiyac görmür