close

Azərbaycan hökuməti bu dəfə 60 min avrodan çox təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Avropa Məhkəməsi bir neçə şikayətlə bağlı qərarını açıqladı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 19-da Azərbaycandan göndərilmiş bir sıra şikayətlərlə bağlı qərarlarını açıqlayıb. Həmin qərarlara əsasən, Azərbaycan hökuməti 60 min avrodan çox təzminat ödəməli olacaq.

İşlərin əksəriyyəti toplaşmaq, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

“Samir Əliyev Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin məhkəməyəqədər həbs edilməsi ilə bağlıdır. Ərizəçi onun məhkəməyə qədər həbs edilməsi və həbs müddətinin uzadılması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələrsə məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasların olmaması ilə bağlı ərizəçinin şikayətlərini rədd etmişdi. Ərizəçi ona münasibətdə 5.3-cü maddənin pozulduğunu iddia edib. AİHM bu işdə hesab edib ki, ərizəçinin məhkəməyəqədər 1 il 6 ay 22 gün həbs edilməsi üçün əsaslar olmayıb və beləliklə, ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5100 avro, 500 hüquqi xidmət əvəzi ödəməlidir.

“Mehman Hüseynov Azərbaycana qarşı” – məhkəmə işi bloger olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvensiyanın 10-cu və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib. Kommunikasiya zamanı hökumət ərizəçinin hərəkət azadlığı hüququnun pozuntusu iddiasını etiraf edib, buna görə, ərizəçiyə 5 min avro mənəvi zərər əvəzi ödəməyi təklif edib. Ərizəçi bundan imtina edib. Ancaq AİHM hökumətin bəyannaməsini yetərli sayıb – ərizəçiyə mənəvi zərər əvəzi ödəniləcək. Ərizəçini vəkillər Elçin və Zibeydə Sadıqovlar təmsil edib.

2012-ci ildə Mehman Hüseynov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq ilə əlaqədar onun ölkədən çıxışı məhdudlaşdırılıb. Məhdudiyyət sonra götürülüb. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. Bloger həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlayıb.

“Əlövsət Osmanlı Azərbaycana qarşı” – bu işdə ərizəçi təhsil məsələləri üzrə tanınmış ekspert olub. Məhkəmə işi 2013-cü ildə qəflətən vəfat edən ərizəçinin məqalələri ilə bağlıdır. İşin hallarına görə, “Azadlıq” qəzetində ərizəçinin “Mərdanovun qaragüruhları” sərlövhəli məqaləsi dərc edilib. Həmin məqalədə təhsil sahəsindəki problemlər sərt tənqid edilirdi. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu həmin məqaləyə görə, ərizəçini mülki qaydada məhkəməyə verib, iddiası təmin edilib, milli məhkəmələr ərizəçinin üzərinə ictimai qaydada üzr istəmək və ifadələrini təkzib etmək vəzifəsi qoyub. Ərizəçi AİHM-ə şikayətində ifadə azadlığı hüququna müdaxilə baş verdiyini, milli məhkəmələrin faktlarla qiymətləndirici mülahizələr arasında fərq qoymamasından, dövlət orqanının işgüzar nüfuzunun olub-olmamasına layiqli qiymət verməməsindən şikayət edib. Kommunikasiya zamanı hökumət mərhum ərizəçinin doğmalarının ərizənin araşdırılması ilə bağlı aydın niyyət ifadə etmədiyini iddia edərək, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağı xahiş edib. Məhkəmə bunu nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

“Şakir Əhmədov və başqaları Azərbaycana qarşı” – işdə ərizələr Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Şakir Əhmədov, Bəxtiyar Hüseynov, İsmayıl Həsənovun hər birinə 3900, Araz Məmmədov, Ramiz Cəfərov, Cabbar Savalanlı, Nemət Abbasov, və Nurlan Eldarovun hər birinə isə 2600 avro mənəvi zərər əvəzi ödəməlidir. Ərizəçilərin hər birinə həmçinin, 250 avro hüquqi xərc əvəzi ödənilməlidir.

“Azər Qasımlı Azərbaycana qarşı” – ərizə də Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşmadan imtina ediblər, hökumət məhkəməyə iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini vəkil Elçin Sadıqov təmsil edib.

“Füzuli Hüseynov Azərbaycana qarşı” – məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqinə görə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıb. AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini hüquqşünas Yalçın İmanov və vəkil Bəhruz Bayramov təmsil edib. “Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı” – məhkəmə işində də ictimai toplantı iştirakçıları olan ərizəçilərə qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi səbəbindən Konvensiyanın 11-ci maddəsinin pozuntusu qaldırılıb. Tərəflər kommunikasiya zamanı dostca anlaşıb. Qərardad ərizəçilərin hər birinə 2500 avro mənəvi zərər, 350 avro hüquqi xərc əvəzi ödənilməsini nəzərdə tutur. Ərizəçiləri AİHM-də vəkil Cavad Cavadov təmsil edib.

“Elnur Cabbarov və Kənan Əliyev Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilərin məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğu iddiaları ilə bağlıdır. Kommunikasiya zamanı tərəflərin uğursuz dostca anlaşma müzakirələrinin ardınca hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Azər Rəsulov və Nemət Kərimli təmsil edib.

“Maniyev və başqaları Azərbaycana qarşı” – işdə ərizələr inzibati icraatlar zamanı məhkəmələrin ədalətsilziyi (6-cı maddə) iddiaları ilə bağlı olub. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Emil Maniyev, Emin Axundov, Tərlan Muradov və Rəşad Abbasovun hər birinə mənəvi zərər əvəzi 1000, ərizəçilərdən Bəşir Tarıverdiyev və Cavid Hacıbəylinin hər birinə isə 2000 avro ödəməlidir. Hüquqi xidmətə görə hər ərizəçiyə 250 avro ödənilməlidir. Bu işdə ərizəçiləri hüquqşünaslar Samirə Ağayeva, Tural Ağayev və Elvin Ələmov təmsil edib.

“Solmaz Ağayeva Azərbaycana qarşı” – işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Ərizəçiyə məxsus əmlak (qaraj) müxtəlif dövlət orqanlarının sərəncamları əsasında sökülüb, ona kompensasiya verilməsi nəzərdə tutulsa da ödəniş edilməyib. Ərizəçi mülkiyyət hüquqlarının pozulmasından, xüsusən də əmlakının sökülməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edib. Qərarlarla bağlı Azərbaycanın rəsmi qurumları hələlik, hər hansı münasibət bildirməyib.

Ana səhifəSiyasətAzərbaycan hökuməti bu dəfə 60 min avrodan çox təzminat ödəyəcək