close

Azərbaycan iqtisadiyyatı: qeyri-neft sektoru neftdən asılılığın alternativi kimi

Azərbaycan iqtisadiyyatı. Foto: motioncenter/shutterstock

“Turizmi prioritet elan edən ölkə quru sərhədi 3 il bağlı saxlamaz”

“Azərbaycanın əsas neft yataqlarında hasilat azalma mərhələsindədir. Bu səbəbdən növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır”.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyir.

Nazir əlavə edib ki, qaz yataqlarında hasilat getdikcə artsa da, dayanıqlı inkişafın təminatı qeyri-neft sektorudur:

“Növbəti illərdə əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır”.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov, Foto: Azərtac

Qeyri-neft ixracından gələn gəlir…

2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara bərabər olub. Bu, ümumi ixracın cəmi 7.8 faizidir.

İqtisadçı Fərid Mehralızadənin fikrincə, bu o deməkdir ki, 2022-ci ildə Azərbaycanın xarici ticarət vasitəsilə qazandığı hər 100 dolların 92-si neft və ya qaz sənayesinin payına düşüb.

Fərid Mehralızadənin şəxsi arxivindən

 Qeyri-neft sektorunun inkişafı = ədalətli məhkəmə sistemi

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, azı 20 ildir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafının vacibliyi müzakirə edilir.

O deyir ku, bu sahənin inkişafı ölkədə ədalətli məhkəmə sisteminin qurulmasından keçir.

İqtisadçının fikrincə, xarici investorları ölkəyə yalnız bu yolla cəlb etmək olar:

“Azərbaycan iqtisadiyyatı enerji gəlirlərindən fəlakətli həddə asılıdır. Ölkənin xarici iqtisadi əlaqələrinə, büdcə gəlirlərinə baxanda neft-qaz sektorunun əzici üstünlüyünü görməmək mümkün deyil”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

 “Hasilatın pik dövrü geridə qalıb”

Natiq Cəfərli bildirir ki, Azərbaycanda neft hasilatının pik dövrü 2011-2012-ci illərdə bitib.

Onun fikrincə, ölkə hasilatın azalması dövrünə qədəm qoyub. Bu səbəbdən də hökumətin ən böyük istəyi və atdığı addımlar hasilatı 500-600 min barel səviyyəsində sabitləməyə hesablanıb:

“Bu da çox çətin görünür, çünki əsas “Azəri-Çıraq-Günəşli” yatağı, demək olar ki, tükənmək üzrədir. Orada hasilat kəskin azalıb. Yeni yataqlarda isə onu əvəz edəcək qədər neft yoxdur. Odur ki, Mikayıl Cabbarovun indi dedikləri yenilik deyil, azı 20 ildir ki, müzakirə edilir. İllərdir ki, neft sektorunu əvəzləyəcək qeyri-neft sektorunun inkişafı üçün şərait yaradılmalı olduğu bildirilir, lakin real addımlar atılmır”.

Нефть
Foto: arxiv

Turizm və kənd təsərrüfatı

“Nədənsə, Azərbaycan hökuməti elə düşünür ki, qeyri-neft sektorunu inkişaf etdirmək kənd təsərrüfatı və turizmdən keçir”, – deyə iqtisadçı bildirib.

Onun fikrincə, bu, doğru yanaşma deyil. Səbəb isə bu iki istiqamətin hər birində ciddi problemlərin olmasıdır:

Turizmi prioritet elan edən ölkə quru sərhədi 3 il bağlı saxlamaz, bu, məntiqsizlikdir”.

Kənd təsərrüfatına gəlincə, Natiq Cəfərli bildirir ki, bu sahənin idarəetməsində ciddi problemlər var. Bu azmış kimi üstünə həm texniki, həm də su problemləri gəlib:

“Digər problemlər isə iri fermer təsərrüfatlarının tək əldə birləşməsi, inhisarçılıqdır. Bir sözlə, hər iki prioritet elan edilən sahə problemlərlə doludur”.

Azərbaycanda turistlər. Foto: DH Saragih/shutterstock

“Hüquq-məhkəmə sisteminə islahatlar lazımdır”

İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti birdəfəlik anlamalıdır ki, iqtisadiyyatda olan problemləri həll etmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün ilk atılacaq addım məhkəmə-hüquq sistemində islahatların olmasıdır. Bu sahə düzəlməli, ədalətli qərarların verilməsi mexanizmi yaranmalıdır ki, investorlarda güvən yaransın, onlar ölkəyə yatırım etsinlər:

“Ölkədə qeyri-neft sektorunun orqanik inkişafının önü belə açıla bilər. Bunlar olmasa, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi tezisləri indiyədək təsdiqini tapmadığı kimi qalacaq”.  

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock
Ana səhifəİqtisadiyyatAzərbaycan iqtisadiyyatı: qeyri-neft sektoru neftdən asılılığın alternativi kimi