close

Azərbaycan məktəbliləri qiymətləndirildi: Ən yaxşı nəticə riyaziyyat üzrə – 56-cı yer

Şərti şəkil. Foto: arxiv

Qiymətləndirməyə yalnız paytaxt məktəblərindən qatılıblar

PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 2022-ci ildəki qiymətləndirməsinin nəticələrini açıqlayıb.

Həmin qiymətləndirmə ölkələrin təhsil sistemini müqayisə etmək üçün istifadə edilən nüfuzlu mexanizmlərdən biridir.

Nəticələrdə Azərbaycanla bağlı hissə də yer alıb. Məlum olub ki, Azərbaycandan qiymətləndirməyə qatılan şagirdlər bütün ölkədən yox, sadəcə paytaxtdan seçilib.

Beləliklə, Azərbaycan məktəbliləri 2022-ci ildə 81 ölkə arasında oxu bacarıqları üzrə – 69-cu yer, təbiət elmləri üzrə – 68-ci yer, riyaziyyat üzrə – 56-cı yeri tutublar.

Azərbaycan məktəbliləri PISA qiymətləndirməsində, ən yaxşı nəticəni riyaziyyat üzrə göstəriblər.

İqtisadçı Fərid Mehralızadə deyir ki, qiymətləndirmədə bütün ölkə ərazisindən şagirdlər olsaydı, nəticələr bir qədər də aşağı olacaqdı.

“2006-cı ildəki qiymətləndirmədə Azərbaycan 57 ölkə arasında 33-cü, 2009-cu ildə 65 ölkə arasında 45-ci olmuşdu. Təbiət elmləri üzrə qiymətləndirmədə Azərbaycan məktəbliləri 2006-cı ildə 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 63-cü olmuşdular”.

Azərbaycan 2012-2015-ci illər qiymətləndirməyə qatılmayıb. Həmin vaxt təhsil naziri olan Misir Mərdanov bunu ikili standartlarla əlaqələndirmişdi. Onun sözlərindən belə anlaşılmışdı ki, Azərbaycanın sonuncu yerlərdə olmasının səbəbi təhsil sistemi yox, ona qarşı dünyadakı ikili standartlardır.

Qiymətləndirmə 15 yaşlı şagirdlər arasında keçirilir. Onların oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirilir. Əsas məqsəd şagirdlərin aldığı bilik və yiyələndikləri bacarıqları real həyatda istifadə etmək qabiliyyətlərini müəyyənləşdirməkdir.

Fərid Mehralızadə, Foto: Əkinçi

Fərid Mehralızadə deyir ki, Azərbaycanın nəticələri ürəkaçan deyil. Hətta, 2018-lə müqayisədə hər üç istiqamətdə orta ballarda azalma var.

“İndiyədək Azərbaycan 4 dəfə (2006, 2009, 2018 və 2022) bu qiymətləndirmədə iştirak edib. 2009-dan sonra o dövrün təhsil naziri demişdi ki, nəticələrdə Azərbaycana qarşı ikili standartlar var deyə artıq qatılmayacağıq”.

Hər üç sahə üzrə ən yaxşı göstərici Sinqapur məktəblilərinə aiddir. Növbəti yerlərdə Çin, Cənubi Koreya, Yaponiya gəlir.

Ana səhifəSosialAzərbaycan məktəbliləri qiymətləndirildi: Ən yaxşı nəticə riyaziyyat üzrə – 56-cı yer