close

Azərbaycan nefti ucuzlaşdı: iqtisadçı benzinlə bağlı SOCAR-ı sorğulayır

Neft. Foto: Millenius/shutterstock

Qiymətin 74,42 dollara düşdüyü açıqlanıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,99 dollar azalıb və nəticədə 74,42 dollar olub.

Ötən il ərzində Azərbaycan neftinin maksimum qiyməti martın 9-da 135,99 dollar olub.

Dünya birjalarında isə neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,7 dollar artaraq 74,39 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar bahalaşaraq 68,2 dollar təşkil edib.

İqtisadçı Natiq Cəfərli deyir ki, 2023-cü ilin yanvar-fevral aylarında və mart ayının ilk 15 günündə “Brent” markalı neftin ən yüksək qiyməti yanvarın 23-də qeydə alınıb – 88.11 dollar olub. Ən ucuz qiyməti isə martın 14-də – 77.62 dollar təşkil edib.

Onun sözlərinə görə, bu ilin ilk 2,5 ayında “Brent” markalı neftin ortalama qiyməti 82-83 dollar arası dəyişib:

SOCAR 13 iyul 2022-ci ildə “premium” markalı (Aİ95) benzinin qiymətini 2 manata qaldıranda rəsmi açıqlama verdi ki, dünyada neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.

Hörmətli dövlət içində dövlət olan, hələ də kimlər tərəfindən idarə olunduğu dəqiq bilinməyən, buna görə də məsuliyyət və səlahiyyət bölgüsündə qarışıqlıq olan SOCAR rəhbərləri – siz inhisarçı mövqeyinizdən istifadə edərək “premium” markalı benzinin qiymətini artıranda, iyul 2022-ci ildə neft 112 dollar idi. Bu gün brent markalı neft 78 dollardır, qiymət 34 dollar aşağı düşüb”, – deyə o bildirib.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçı bildirib ki, son aylarda benzin qiymətləri ABŞ-da 40 faizə yaxın ucuzlaşıb, bu gün ABŞ-da 1 litr benzin (orda qallonla satılır, 1 qallon – 3,785 litrə bərabərdir) 0,89 dollar, yəni 1 manat 51 qəpikdir:

Avropa Birliyi ölkələrində son 6 ayda benzin qiymətləri 15-25 faiz arası ucuzlaşıb (məsələn, Almaniyada “premium” markalı benzin son aylarda 16,84 faiz enib). Gürcüstanda benzin keçən ilin sonuna yaxın bir litri 3,29 lari idi, dünən qiymət 2,75 lari olub. Rusiyada 1 litr “premium” markalı benzinin bu günə ortalama qiyməti 51 rubldur – 0,68 dollar, yəni 1 manat 15 qəpik”.

İqtisadçının fikrincə, SOCAR rəhbərləri “premium” markalı benzinin qiymətini artıranda neft qiymətlərinə istinad edirlər:

“Yaxşı, eyni məntiq neft qiymətləri ucuzlaşanda nədən işləmir?! Bu suala kim cavab verəcək, SOCAR prezidenti, ya İnvestisiya Holdinqi, ya İqtisadiyyat Nazirliyi – cavab verəcək kimsə varmı? Məntiqlə, indi premium markalı benzinin qiyməti bizdə 1 manat 50 qəpikdən baha olmamalıdır, düzünü deyin, hər litrdə 50 qəpik kimin xeyridir?!”.

Bu ilin yanvar-fevral aylarının göstəricilərinə görə, hasil olunmuş 5,1 milyon ton neftin 4,1 milyon tonu ixrac edilib.

Energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesab səhifəsində belə yazıb.

Nazir qeyd edib ki, bu dövrdə 4 faiz artımla hasil edilmiş 8 milyard kubmetr qazın isə 4,3 milyard kubmetri ixrac olunub.

Ana səhifəİqtisadiyyatAzərbaycan nefti ucuzlaşdı: iqtisadçı benzinlə bağlı SOCAR-ı sorğulayır