close

Azərbaycan XİN Avropa İttifaqının bəyanatını qərəzli hesab edir

XİN, Foto: Meydan TV

“Belə bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk”

Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatına şərh  verib.

Şərhdə Avropa İttifaqının (Aİ) Azərbaycanda “jurnalistlər”in və “siyasi fəallar”ın saxlanması ilə bağlı əsassız ittihamları rədd edilir. Bildirilir ki, bu bəyanatlar əsassız və qərəzlidir:

Belə bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk”.

Avropa İttifaqı dekabrın 21-də Azərbaycanla bağlı bəyanat yayıb. Həmin açıqlamada  son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov, o cümlədən Hafiz Babalının qanunsuz həbsləri müstəqil jurnalistika məkanının daralması və məhdudiyyətlərlə bağlı ciddi narahatlıq yaratdığı bildirilir:

Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir. İfadə azadlığını boğur”.

Avropa İttifaqı həmçinin hüquq müdafiəçisi İlhamiz Quliyev və siyasətçi Tofiq Yaqublunun həbsindən, iqtisadçı Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması qərarından təəssüflənir.

Avropa İttifaqı Azərbaycanı öz fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənləri azad etməyə, müstəqil jurnalistika və ifadə azadlığı üçün azad və maneəsiz yer təmin etməyə çağırır”.

XİN isə deyir ki, istintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir.

Noyabrın sonundan başlayaraq Azərbaycanda “AbzasMedia” saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, saytın əməkdaşı və ictimai fəal Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov, aparıcısı Rüfət Muradlı və “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimov həbs edilib.

Onlara qarşı əsasən, qaçaqmalçılıq və başqa qanunsuz əməllərlə bağlı ittihamlar irəli sürülüb. Özləri isə sırf peşə fəaliyyətləri ilə bağlı həbs edildiklərini deyirlər.

Ana səhifəTövsiyəAzərbaycan XİN Avropa İttifaqının bəyanatını qərəzli hesab edir