close

Azərbaycan XİN Ermənistan rəsmilərinin açıqlamalarını yalanladı

Foto: XİN

“Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və bu, Yerevanın növbəti manipulyasiyasıdır”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bir sıra rəsmilərinin iki ölkə arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar açıqlamalarına reaksiya verib.

Nazirliyin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar qısa müddət ərzində şərhlərini Ermənistana  təqdim edib:

Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və bu, Yerevanın növbəti manipulyasiyasıdır”.

İyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərində Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüşündə “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparılmışdı.

Görüş barədə rəsmi məlumatda bildirilirdi ki, nazirlər daha bir neçə maddə üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər. Eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin əlavə iş tələb etdiyini etiraf ediblər.

Həmin 3 günlük görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, inkişaf var, lakin qarşıda xeyli çətin işlər gözləyir:

“Hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib”.

Avqustun 24-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi ətrafında yeni təkliflərinin Azərbaycana təhvil verdiyini bildirmişdi. Elə həmin gün də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, bir qayda olaraq, Ermənistan Azərbaycandan göndərilən şərhləri 30-60 gün arasında özündə saxlayır:

“Bu, çoxdur, ya azdır, şərh etməyəcəyəm. Bu müddət ərzində Azərbaycan tərəfi bunu prosesin tərkib hissəsi kimi qəbul edir. Çünki bizə nəticə daha vacibdir. Lakin Ermənistan tərəfi şərhlərini göndərəndən bir neçə gün sonra mətbuata çıxaraq “Biz Azərbaycana şərhlərimizi göndərdik” başlığı ilə anonslar verir”.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətAzərbaycan XİN Ermənistan rəsmilərinin açıqlamalarını yalanladı