Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb
Azərbaycanda Prezident təqaüdü alanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub ki, 2024-cü il iyulun 1-nə olan hesablamalara görə, hazırda Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir.
253 nəfər “Xalq”, 4560 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Ölkədə 333 nəfərə fərdi təqaüd, 18 min 493 nəfərə isə şəhid ailəsi təqaüdü verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adına görə müvafiq təqaüd alanların sayı (həmin şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları) 180 nəfər, “Azərbaycanın Milli Qəhrəmanı” adına görə (həmin şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları) 177 nəfərdir.
1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçısı olan 21 nəfərə də Prezident təqaüdü verilir.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 231 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrindən 31 nəfər Prezident təqaüdü alır.
Müharibə ilə əlaqədar əlilliyi olan 19 858 nəfər Prezident təqaüdü alır. Onlardan 14 526 nəfəri Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
2819 nəfər hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan, 2513-ü isə Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180 354 nəfər, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri olan 3 740 nəfər Prezident təqaüdü alır.
Komitənin məlumatında qeyd edilib ki, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 52 227 nəfər, gözdən əlilliyi müəyyən edilmiş 13 188 nəfər də həmçinin təqaüd alır.
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən 44 061 nəfər də bu təqaüdü alır.
Elmlər doktoru elmi dərəcəsi olan 229 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi olan 1522 nəfər də Prezident təqaüdü alır.