close

MSK-nın açıqladığı seçici sayına reaksiya: “Görünür, əvvəllər “barıtı” çox ediblər” (yenilənib)

Foto: Meydan TV

MSK-nın məlumatını Meydan TV-yə şərh edən Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bildirib ki, komissiyanın bugünkü statistikası əvvəlkilərdən fərqlidir:

2023-cü ildə seçicilərin sayında təxminən 1 milyon nəfərə yaxın artımın olduğu elan edildi. Çünki 2020-ci ilə qədər 5 milyon 300 min seçici sayı vardısa, ötən il 6 milyon 300 min seçici sayı olduğu bildirildi. 1 milyon seçici sayının artmasını pandemiya dövründə xaricdən ölkəyə qayıdanlarla əlaqələndirdilər. Amma biz bu uyğunsuzluğu MSK ilə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında da gördük. Dövlət Statistika Komitəsinin 18 yaşdan yuxarı olan şəxslərin sayı ilə MSK-nin seçici sayı arasında ciddi uyğunsuzluq vardı. Dəfələrlə bu məsələni ictimailəşdirib müvafiq komissiyadan izahat istəsək də, ağlabatan münasibətin şahidi olmadıq”.

Onun sözlərinə görə, 2024-cü ilin fevralında keçirilən seçkilərdə elan olunan seçici sayı ilə ondan əvvəlki ildə açıqlanan sayda 7 min 400 azalma vardı:

Bu dəfə seçicilərin sayında 151 min nəfər azalma olub. Ölkədə ölümlə doğumun sayı arasında böyük fərq olmadığı və hətta əhalinin sayının artdığı təqdirdə 151 min seçicinin azalması ciddi məsələdir. Yaxşı olardı, Mərkəzi Seçki Komissiyası açıqlama verərdi. Təbii ki, bizim ehtimallarımız var. Biz seçici siyahılarının hazırlanmasında ciddi qüsurların aradan qaldırılmasını tələb etmişik. Komissiyalar siyahıları köhnə siyahılar və kommunal idarələrdən aldıqları sənədlər əsasında yeniləyir və bu da yolverilməzdir. Çünki həmin siyahılar köklü şəkildə araşdırılmır. Məsələn, adamlar rayondan paytaxta gəlib yaşayır, amma adları bölgə siyahılarında qalır. Görünür, əvvəllər “barıtı” çox ediblər, indi də 151 min nəfər azaldıblar”.

“MSK təklif edərdim ki, nəhayət, bu seçici siyahısı problemini birdəfəlik həll etmək üçün ciddi addımlar atsınlar. Bunun üçün Dövlət Statistika Komitəsi ilə birgə seçicilərin real siyahısını hazırlasınlar. Qapı-qapı prinsipi ilə gerçək seçicilərin sayı müəyyən edilsin. Bu zaman fərq yarana bilər, amma real seçici olacaq və uzun zamandan qalan və hesabatlara düşən ciddi problem aradan qalxacaq”, – deyə Süleymanlı fikrini tamamlayıb.

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli


Məzahir Pənahov ölkədə 6 milyon 326 min 764 seçicinin olduğunu deyir

Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin sayını açıqlayıb.

Bu barədə mayın 27-də MSK-nın 2024-cü il üzrə daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasında sədr Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 milyon 326 min 764 seçicinin adı daxil edilib:

Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır. Ən çox seçici 30-39 yaş aralığındadır, onlar 23,77 faiz təşkil edir”.

ЦИК Азербайджана
Foto: Meydan TV

MSK qeyd edib ki, ən yaşlı qadın seçicinin – Tamam Əzizovanın 134 yaşı var və o, 1894-cü il təvəllüdlüdür:

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü, 108 yaşlı Hilal İbrahimovdur”.

MSK sədri Məzahir Pənahov mayın 2-də bildirmişdi ki, COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər.

Ana səhifəSiyasətMSK-nın açıqladığı seçici sayına reaksiya: “Görünür, əvvəllər “barıtı” çox ediblər” (yenilənib)