close

Azərbaycanda iki rayonu birləşdirən körpünün oğurlandığı bildirilir

DİN şübhəli şəxslərin saxlanıldığını deyir

Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpünün oğurlandığı bildirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Facebook” hesabında yayıb.

Bildirilir ki, Göygöl Rayon Polis İdarəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboyun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri – İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.

DİN rəsmisi qeyd edib ki, ilkin dindirilmə zamanı saxlanılan şəxslər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər.

Onun sözlərinə görə, şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Elşad Hacıyev faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmaların aparıldığını qeyd edib.

Ana səhifəXəbərlərAzərbaycanda iki rayonu birləşdirən körpünün oğurlandığı bildirilir