close

Azərbaycanda İkinci Qarabağ müharibəsi ilə bağlı Anım Günü keçirilir

Foto: “Report.az”

Saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq

Sentyabrın 27-də II Qarabağ müharibəsinin ikinci ildönümü ilə bağlı Azərbaycanda Anım Günü keçirilir.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 2-də imzaladığı sərəncama əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar saat 12:00-da ölkə ərazisində II Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında 1994-cü ildə imzalanan atəşkəs rejimi pozulub.

Müharibə başlanandan bir neçə gün sonra Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edib.

44 gün davam edən savaşda Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın nəzarətində olan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Xocavəndin bir hissəsini və Şuşanı geri qaytarıb.

Şuşanın geri qaytarılmasından sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 9 noyabrda bütün döyüş əməliyyatlarını dayandırıldığını elan edən atəşkəs bəyanatı imzalanıb.

Bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə bölgəyə yerləşdirilib. Ardınca Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonları geri qaytarılıb.

44 günlük savaşda Azərbaycan 2908 hərbi qulluqçusunu itirib. 6 hərbçi isə itkin düşmüş hesab olunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ilin avqustun 24-də demişdi ki, 44 günlük müharibədə 3773 erməni hərbçisi həlak olub, 243 nəfər itkin düşüb.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon ələ keçirilib. Münaqişə SSRİ dövründən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətAzərbaycanda İkinci Qarabağ müharibəsi ilə bağlı Anım Günü keçirilir