close

Azərbaycanda onlayn telekanal ofisindən çıxarılır

Mənbə: RLC Video Screenshot

Samirə Qasımlı: “Biz hakimiyyətin qırmızı xətlərinə toxunurduq”

RLC (Red Line Channel) kanalı fəaliyyətini müvəqqəti dayandırmalı olub.

Səbəb kanalın yerləşdiyi ofisdən çıxarılmasıdır.

Bu barədə Meydan TV-yə kanalın baş redaktoru Samirə Qasımlı danışıb.

O deyib ki, RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi:

“Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. Odur ki, işləməsinə mane olmağa çalışırlar”.

Biz bir neçə ay öncə fəaliyyətimizi müvəqqəti dayandırıb, yeni formalar üzərində işləməyə başlamışdıq. Yeni formatla kanal radikal şəkildə dəyişəcəkdi. Düzdür, əsas foksumuz analitika, manipulyasiyaların çözülməsi məsələlərini saxlayacaqdıq. Lakin bu dəfə hər gün efirə çıxmağı planlayırdıq. Yeni qərarlar arasında xalqdan ianə toplayıb, fəaliyyət göstərmək də var idi. Texniki məsələlərin üzərində işləyirdik”, – deyə o bildirib.

Baş redaktor qeyd edib ki, aprelin son günləri mayın 1-dən efirə çıxmaq qərarı veriblər. Bu zaman yerləşdikləri ofisin rəhbəri zəng edib:

Mayın 1-dən ofisi boşaltmalısınız”, – deyib.

Samirə Qasımlı deyir ki, bundan öncə RLC fəaliyyət göstərdiyi studiyadan da çıxarılmışdı. Bundan sonra onlar bir otaqlı ofisdə yerləşiblər:

Elə ki, xalqdan ianə alıb fəaliyyət göstərmək məsələsi gündəmə gəldi, buna imkan vermədilər. Həmin otaqdan da çıxarıldıq. Biz hakimiyyətin qırmızı xətlərinə toxunurduq. Məsələn, çoxu düşünür ki, prezident yaxşıdır, ətrafı pisdir. Biz bu hekayələrin mahiyyətini açırdıq. Prezidentin fəaliyyətini təhlil edirdik. Görünür, bu da onların qırmızı xətti imiş”.

Baş redaktorun dediyinə görə, onlar yeni studiya axtarmırlar. Bunun mənasız olduğunu düşünürlər:

Bilirik ki, bizə studiya verməyəcəklər. Mövcud şərtlərlə necə işləyə bilərik, bunun üzərində düşünürük”.

RLC “Youtube” kanalının həmçinin martda “Facebook” səhifəsi də haker hücumuna məruz qalıb. Buradakı son 1 illik materialları silinib.

Samirə Qasımlı əlavə edir ki, bu materialların böyük hissəsinin yüz minlərlə baxışı, minlərlə bəyənmə sayı vardı:

Mətbuat azadlığının boğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verən az media qurumlardan idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır”.

Kanalın yerləşdiyi ofisin rəhbəri ilə əlaqə saxlamaq mümkün olmayıb. Beləliklə, Meydan TV onların hansı səbəblə həmin otaqdan çıxarılmasını öyrənə bilməyib.

Samirə Qasımlı bildirir ki, ofis sahibi danışmağa çəkinir.

Səbəb isə odur ki, ona həmin binanın qəzalı olduğu, buna görə külli miqdarda cərimələnə biləcəyi söylənib.

Ana səhifəSiyasətAzərbaycanda onlayn telekanal ofisindən çıxarılır