close

Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyət göstərəcək 

Azərbaycanın Tehrandakı səfirliyi. Foto: Reuters

XİN artıq məkanda müvafiq işlərin aparıldığını deyir

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin yeni məkanda fəaliyyət göstərəcəyi bildirlir.

Bu barədə mayın 17-də Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə danışıb.

Hacızadə deyib ki, 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hücumundan sonra İran rəsmiləri ilə danışıqların əsas istiqamətlərindən biri təhlükəsizliyə tam təminatın verilməsi məsələsi ətrafında olub:

“Son bir neçə ayda iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində gözləntilərimiz qarşı tərəfə çatdırılıb. Səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb”.

XİN. Foto: Wikipedia

Onun sözlərinə görə, səfirliyin yeni məkanı artıq müəyyən edilib:

Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. İşlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.

2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub.

Hadisə zamanı mühafizə xidmətinin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Yaralılardan biri hücum edən şəxsi səfirlik binasından çıxarmağa müvəffəq olub.

O, binadan kənarda da bir müddət diplomatik missiyanı təhdid etməkdə davam edib.

Bütün bunlar baş verərkən İranın güc qurumları tamamilə hərəkətsiz qalıb. İran hakimiyyəti cinayətin səbəblərini “şəxsi motivlər” kimi qələmə verməyə çalışıb, Azərbaycanda hücum terror aktı adlandırıb.

Daha sonra Azərbaycan İrandakı diplomatlarının, digər işçilərin və onların ailə üzvlərinin həyat təhlükəsizliyi olmadığına görə səfirliyin əməkdaşlarını, onların ailə üzvlərini ölkəyə təxliyə edib, Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətini isə dayandırıb.

Ana səhifəSiyasətAzərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyət göstərəcək