close

“Azərbaycanla Ermənsitan arasındakı sülh əlçatandır”

Entoni Blinken. Foto: Reuters

İlham Əliyev: “Sülh müqaviləsi bir neçə aya hazır ola bilər”

Ermənistan və Azərbaycan arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişinin reallaşdırılması üçün hər şərait var.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken belə düşünür.

O bildirir ki, sülh sazişinin imzalanması iqtisadi əlaqələri gücləndirəcək, bununla hər iki ölkə iqtisadiyyatında böyümə olacaq:

“Bu saziş ölkələri, həm də şərqi birləşdirmək üçün böyük imkandır. Azərbaycanın bu işdə həlledici rolu var. Biz öz diplomatiyamızla Azərbaycan və Ermənistanı sülh sazişinə gətirməyə kömək etmək üçün əlimizdən gələni edirik. Proses Avropa İttifaqı ilə sıx əməkdaşlıq çərçivəsində koordinasiya edilir. Məncə, sülh əlçatandır”.

Blinken əlavə edib ki, o, təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Hesab edir ki, sülh əldə edilə bilər və bu, açıq şəkildə həm Azərbaycanın, həm Ermənistanın, həm də daha geniş regionun maraqlarına uyğundur.

Azərbaycan Prezidenti İlham Əliyev isə iyulun 1-də Kanadanın yeni təyin edilmiş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən  bildirib ki, Ermənistanla sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərlər.

Onun sözlərinə görə, ola bilər əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin.

İlham Əliyev deyib ki, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq:

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

İyunun 27-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın Bakıdan sülh müqaviləsinə dair təkliflərin onuncu paketini aldığını təsdiqləmişdi.

Nazir bildirmişdi ki, Yerevan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması prosesinə sadiqdir.

Ana səhifəSiyasət“Azərbaycanla Ermənsitan arasındakı sülh əlçatandır”