close

Azyaşlıların seksual istismarı: hüquqi boşluqlar və məsuliyyət çağırışı

İllüstrasiya: Meydan TV

Bəzi ölkələrdə bu cür cinayətlərə görə ömürlük həbs nəzərdə tutulduğu halda, Azərbaycanda maksimum cəza 3–10 il arasında dəyişir

Ötən ay feminist fəal Gülnara Mehdiyevanın ictimailəşdirdiyi uşaq istismarı ilə bağlı müraciətə cəmiyyətin müxtəlif kəsimləri tərəfindən fikir bildirilsə də, aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama verilmədi.

“Mənə dəhşətli bir məlumat daxil olub. Yasamalda Safsunun arxa məhəlləsində yaşayan bir qadının öz 14 yaşlı uşağını 2 ildir ki, (12 yaşından bəri) seks işçisi kimi satdığı deyilir. O, hər gün qızını olduqca açıq-saçıq geyindirərək, ağır makiyajlı halda çölə çıxarır və imkanlı şəxslərə 500 manata satdığını deyir”, – Gülnara Mehdiyeva özünün “Facebook” hesabında yazıb.

G. Mehdiyeva Tiktok vasitəsilə uşağın anası tərəfindən seks işçiliyinə cəlb edilməsi ilə bağlı ona daxil olan müraciəti ictimailəşdirib. Həmin müraciətdə hadisə ilə bağlı İnsan Alveri ilə Mübarizə idarəsinə, polisə məlumat verildiyi, başqa bir blogger tərəfindən də ictimailəşdirildiyi halda, aidiyyatı qurumların hər hansısa tədbir görməməsi nəticəsində uşaq istismarının 2 ildir davam etdiyi bildirilir.

Adsız cinayət əməlləri

Meydan TV-yə mövzuyla bağlı müsahibə verən vəkil Zibeydə Sadıqova deyir ki, Azərbaycan qanunvericiliyində uşaqların cinsi istismarı və seks işçiliyinə cəlb edilməsi ilə bağlı ciddi hüquqi boşluqlar mövcuddur. Məsuliyyət tədbirləri də yetərsizdir; bəzi ölkələrdə bu cür cinayətlərə görə ömürlük həbs nəzərdə tutulduğu halda, Azərbaycanda maksimum cəza 3–10 il arasında dəyişir. İcra mexanizmləri səviyyəsində də ciddi boşluqlar var: uşaqların təhlükəsiz dindirilməsi, tibbi ekspertizası, istintaq metodları və müstəntiqlərin ixtisaslaşması ilə bağlı tənzimləmələr ya yoxdur, ya da qeyri-müəyyəndir.Bu boşluqlar hüquq-mühafizə orqanlarının istismarla bağlı hadisələrə müdaxilə etməsini çətinləşdirir və uşaqların müdafiəsini zəiflədir:

““Uşağın cinsi istismarı” anlayışı, uşaqların seks biznesində istifadəsi və onlayn istismar, məsələn, uşaqdan intim şəkillərin alınması, paylaşılması, şantaj edilməsi kimi hallar da Cinayət Məcəlləsində ayrıca və dolğun şəkildə əksini tapmayıb. Məsələn, əxlaqsızlıq yuvalarının uşaqlarla əlaqəli fəaliyyəti və uşağın razılığının hüquqi baxımdan əhəmiyyətsizliyi ayrıca maddə ilə tənzimlənmir. Uşağın razılığı anlayışı cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün hüquqi əhəmiyyət daşımır; beynəlxalq təcrübədə uşağın razılığı prinsipcə nəzərə alınmır, çünki o, hüquqi baxımdan razılıq verə bilməz”.

Beynəlxalq standartlardan uzaq cəza siyasəti

Sadıqovanın sözlərinə əsasən, cinayət hüquqi vasitələrin çatışmazlığı və aydın prosedurların olmaması uşaqların cinsi istismarı halları ilə səmərəli mübarizə aparılmasını çətinləşdirir. İstintaq tədbirlərinin uşağın üstün mənafeyi prinsipinə uyğun olaraq, zərərçəkən uşaqların üstün maraqlarının müdafiə edilmədən həyata keçirilməsi cinsi istismar halları ilə əlaqədar şikayət verilməsini və belə araşdırmalarda iştirakı çətinləşdirir. Vəkilin sözlərinə görə cinsi istismarla bağlı sistemli hüquqi mühafizə fəaliyyəti formalaşdırılmayıb:

Zibeydə Sadıqova. Foto: Meydan TV
Foto: Meydan TV

“Azərbaycan qanunvericiliyində uşaqların cinsi istismarı, fahişəliyə cəlb edilmələri ilə bağlı mövcud cəzalar çəkindirici (deterrent) xarakter daşımır. Məsələn, BB, ABŞ, Türkiyə və başqa dövlətlərdə ömürlük həbs cəzası belə var. Müqayisə üçün:

  • Birləşmiş Krallıqda bu tip cinayətlər üçün ömürlük həbs nəzərdə tutulur;
  • ABŞ-da bəzi ştatlarda minimum 25 il, təkrar hallarda isə ömürlük həbs tətbiq edilir;
  • Türkiyədə uşaq fahişəliyi və cinsi istismara görə 30 ilə qədər həbs mümkündür.”

Vəkilin gəldiyi qənaətə görə, əgər bir şəxs 10 ildən az cəza alacağını bilirsə, bu, onu cinayət törətməkdən çəkindirmir; halbuki beynəlxalq təcrübə göstərir ki, uşaq istismarı ilə bağlı sərt və konkret cəzalar istismarın qarşısını almaqda effektiv mexanizmdir.

“İstintaq və məhkəmə mərhələlərində uşaqların müdafiəsi çox vaxt nəzərə alınmır. Uşağın təhlükəsizliyinin təmin olunmasına dair aydın prosedur yoxdur, sosial işçi və ya psixoloqun iştirakı ilə psixoloji dəstək məcburi sayılmır. Həmçinin, dindirmənin kim tərəfindən və hansı şəraitdə aparılacağına dair qaydalar qeyri-müəyyəndir, tibbi ekspertiza və müşayiət mexanizmlərində də ciddi boşluqlar var”, – deyə, o əlavə edib.

“Hüquq-mühafizə orqanları və QHT-lər birlikdə işləməlidir”

Sosial şəbəkələrdə uşaqların seks işçiliyinə cəlb olunması ilə bağlı paylaşımı reaksiyaya səbəb olan ictimai fəal Gülnara Mehdiyeva bu kimi halların təsadüfi hadisə olmadığını, sadəcə yetəri qədər ciddi yanaşılmadığını deyir. Onun sözlərinə görə, daha öncə də azyaşlı qızların intim məqsədlərlə istismar olunmasına dair xəbərlərlə qarşılaşıb:

“Bir dəfə bir ananın öz qızlarını kişilərə intim şəkil göndərməyə sövq etdiyinə dair məlumat yayılmışdı. 2019-cu ildə isə televiziyada 15 yaşında anası tərəfindən müdirinə göndərildiyini deyən bir qız danışmışdı. Hadisə rezonans doğursa da, nə bununla bağlı hansısa aidiyyatı qurumun ciddi reaksiyası göründü, nə də hansısa tədbirlə bağlı ictimaiyyət məlumatlandırıldı”.

Mehdiyeva bildirir ki, bu dəfə də ona TikTok üzərindən müraciət edilib. Müraciət müəllifi, hadisənin qurbanı ilə bağlı daha əvvəl aidiyyatı qurumlara dəfələrlə məlumat verildiyini, lakin nəticə olmadığını deyib. İddialara görə, hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşmayıb və hətta ananın maraqlarını müdafiə edən mövqe tutub.

Gulnara Mehdiyeva
Foto: Meydan TV

Hadisənin ictimailəşdirilməsindən sonra isə mövqelər bir-birini təkzib edən formada ortaya çıxıb. Bəzi şəxslər hadisənin ötən ilə aid olduğunu iddia edib, bəziləri isə hazırda istintaqın getdiyini bildirib. Lakin Mehdiyeva mövzuyla əlaqəli suallar qaldırır:

“Əgər istintaq varsa, niyə ana və qız bu gün də birgə yaşayırlar? Niyə uşaq iki ildir məktəbə getmir? Axşamlar bəzənib evdən çıxan 14 yaşlı bir uşaq hara gedə bilər?”.

Onunla əlaqə saxlayan şəxslər bildiriblər ki, ananın bank hesabı və telefonunun yoxlanması bu məsələdə əhəmiyyətli sübutlar ortaya qoya bilər.

Fəal hesab edir ki, belə hallarda ilk və ən vacib addım uşağın təhlükəsizliyini təmin etməkdir:

“İlk növbədə zərərçəkənin – yəni indiki halda uşağın hüquqları düşünülməlidir və o, təhlükəsiz yerə yerləşdirilməlidir. Onunla sosial işçi və psixoloq söhbət etməlidir. Daha sonra cinayət üzrə şübhəli şəxs mümkün olan ən ciddi qaydada araşdırılmalıdır, çünki bu problem bir uşağın faciəsi deməkdir, bunun qarşısını almaq üçün dövlət qurumları – həm hüquq-mühafizə orqanları, həm də uşaq hüquqları ilə məşğul olan qurumlar və QHT-lər əlbir işləməlidir.”

Sığınacaqlar və sosial müdafiə

“Təmiz Dünya” sığınacağının rəhbəri Mehriban Zeynalova Meydan TV-yə verdiyi açıqlamasında deyir ki, cinsi istismara məruz qalan, seks işçiliyinə cəlb edilən uşaqlarla bağlı əhatəli işləmək tələb olunur. Onun sözlərinə görə, vaxtında və düzgün mexanizmlərlə həmin uşaqlarla işləmədikdə, onları gələcəkdə daha böyük psixoloji və sosial problemlər gözləyə bilər:

Mehriban Zeynalova
Foto: Meydan TV

“Sığınacağa yerləşdirilmiş zərərçəkənlərdən biri qohumları tərəfindən cinsi istismara məruz qalmış gənc bir qız idi. Uzun müddət istismara məruz qalmışdı, sığınacağa gəldikdə artıq yetkinlik yaşına çatmışdı, lakin artıq davranış pozuntuları yaranmışdı. Yaşanılan travmalara dərhal və effektiv müdaxilə olmadıqda, bəzən sonradan dəstək daha da çətin ola bilir. Buna görə də həmin zərərçəkənlər peşəkar psixoloji, sosial reabilitasiya olunmalı, cəmiyyətlə yenidən sağlam bağ qurmağı öyrənməlidir.”

Uşaqların cinsi istismardan qorunması beynəlxalq hüquqla kompleks şəkildə tənzimlənir. Bu sahədə əsas sənədlərə BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), onun Uşaq Alveri, Fahişəliyi və Pornoqrafiyasına dair Fakültativ Protokolu (2000) və Avropa Şurasının Lansarote Konvensiyası (Azərbaycan 2019-cu ildə qoşulub) daxildir. Bu sənədlər preventiv (qarşısının alınması), protektiv (mühafizə), intervensiya (müdaxilə), cəzalandırma və araşdırma istiqamətində tədbirləri nəzərdə tutur.

Beynəlxalq tələblərə görə, dövlətlər ixtisaslaşmış qurumlar yaratmalı, uşaqlara dair nəzarət sistemləri qurmalı, təhsildən yayınmaların qarşısını almalı, maarifləndirmə və yerli icmalarla əməkdaşlıq aparmalıdır. Zərərçəkənlər üçün daimi aktiv hüquqi müdafiə, qaynar xətlər və sosial yardım mexanizmləri yaradılmalı, istismar edən şəxslər üçün isə reabilitasiya və nəzarət proqramları tətbiq edilməlidir. Araşdırmalar zamanı uşağın üstün mənafeyi, psixoloji durumu və hüquqi müdafiəsi əsas götürülməli, dövlət hesabına vəkil və psixoloji dəstək təmin edilməlidir.

Ana səhifəSosialAzyaşlıların seksual istismarı: hüquqi boşluqlar və məsuliyyət çağırışı