close

Azyaşlını məşqdə döyüb öldürməkdə ittiham olunan idmançıya 20 il cəza tələb olundu

Məhkəmə. Foto: Meydan TV

Ana məhkəmədə məşqçinin ondan qisas aldığını deyib

Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq zamanı 7 yaşlı Fərid Bakarovu döyüb öldürməkdə ittiham olunan məşqçi Mehman Xəlilovun işiylə bağlı 5 aydan çoxdur davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Fevralın 15-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində prokuror Mehman Xəlilova 20 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Sambo idman növü üzrə məşqçi olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə ittiham olunur.

İttihama görə, Mehman Xəlilovun azyaşlının anası Aynurə Məlikova ilə şəxsi münasibətləri olub. O, uşağı bu üzdən qəsdən döyüb öldürüb.

Aynurə Məlikova da məhkəmədə iddia edib ki, Mehman Xəlilov ondan qisas almaq məqsədilə uşağını öldürüb.

Lakin Mehman Xəlilov bu ittihamları qəbul etmir. O, məhkəmədə ifadəsində də deyib ki, hadisə məşq prosesində baş verib. Mehman Xəlilovun sözlərinə görə, onun qətiyyən uşağa zərər vermək niyyəti olmayıb.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Aynurə Məlikova məhkəmə prosesində jurnalistlərin iştirakına etiraz edib, məhkəmənin qapalı keçirilməsini istəyib: “Aramızda nə olubsa, nə söhbətlər varsa, bizə aiddir. Öz aramızdadır, özümüz bilirik”.

Onun vəsatəti əsasında məhkəmə araşdırmalarının qapalı keçirilməsinə qərar verilib.

Məhkəmə qaydalarına görə, araşdırmalar başa çatandan sonra çıxışlar mərhələsi başlayır. Öncə prokuror çıxış edir, daha sonra zərərçəkmiş tərəfin, təqsirləndirilən şəxsin vəkilinin çıxışı dinlənilir. Bunlardan sonra təqsirləndirilən şəxs məhkəmədə son sözünü deyir və ardınca hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedir.

Fevralın 15-də prokurorun 20 illik cəza tələbindən sonra Mehman Xəlilovun vəkili Anar Qasımlı müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə martın 14-nə qədər təxirə salınıb.

Hadisə aprelin 29-da baş verib. Məşq zamanı ağır xəsarət alan 2016-cı il təvəllüdlü Fərid Bakarov Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdə sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçi azyaşlı tələbəyə zərbə vurur.

7 yaşlı Fərid Bakarov qardaşı ilə birlikdə iki ay imiş ki, Avropa Oyunlarının bürünc mükafatçısı olan Mehman Xəlilovun sambo məşqlərində iştirak edirmiş.

Hadisə vaxtı Fərid Bakarovun anası da orada olub.

Hadisədən sonra Mehman Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham irəli sürülmüşdü. Lakin istintaq yekunlaşanda ittiham ağırlaşdırıldı və əməli qəsdən adam öldürməyə tövsif olundu.

Ana səhifəSosialAzyaşlını məşqdə döyüb öldürməkdə ittiham olunan idmançıya 20 il cəza tələb olundu