close

Azyaşlını öldürməkdə ittiham olunan idmançı məhkəmə qarşısına çıxarılır

Mənbə: APA

Onu 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir

Sumqayıtdakı məktəblərdən birinin idman zalında azyaşlıların məşqi zamanı aldığı xəsarətlərdən həyatını itirən 7 yaşlı Fərid Bakarovun ölümüylə bağlı prokurorluq araşdırmaları yekunlaşdırıb.

Azyaşlıya xəsarət yetirərək onu öldürməkdə ittiham olunan məşqçi Mehman Xəlilov yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.

Onun işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Hadisədən sonra cinayət işi Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə başlansa da, sonradan ittiham ağırlaşdırılıb.

Prokurorluq məşqçiyə ağırlaşdırıcı halda qəsdən adam öldürmə ittihamı verib.

1994-cü il təvəllüdlü Mehman Xəlilova qarşı iki maddə ilə – Cinayət Məcəlləsinin  120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Mehman Xəlilovun yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, o, qəsdən adam öldürmə ittihamını qəbul etmir.

O, uşağı öldürmək niyyətində olmadığını deyir.

Hadisə aprelin 29-da baş verib.

Məşq zamanı ağır xəsarət alan 2016-cı il təvəllüdlü Fərid Bakarov Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Həmin görüntülərdə sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçi azyaşlı tələbəyə zərbə vurur.

7 yaşlı Fərid Bakarov qardaşı ilə birlikdə iki ay imiş ki, Avropa Oyunlarının bürünc mükafatçısı olan Mehman Xəlilovun sambo məşqlərində iştirak edirmiş.

Hadisə zamanı Fərid Bakarovun anası da orada olub, uşağın məşqinin bitməsini gözləyirmiş.

Ana səhifəXəbərlərAzyaşlını öldürməkdə ittiham olunan idmançı məhkəmə qarşısına çıxarılır