close

Bahalaşma inflyasiyaya təkan verəcək?

Bahalaşma, Denys Kurbatov/Shutterstock

“İnflyasiyayaradıcı real təsirlər payıza doğru aydın görünəcək”

İyunun 30-da Tarif Şurası ölkədə bir sıra xidmətlərin və məhsulların qiymətinin artırılmasına qərar verib.

Azərbaycanın istehsal etdiyi Aİ-92 benzini, dizel yanacağının qiyməti artıb. Həmçinin, metro və avtobusda gediş haqqı da artırılıb.

Yanacağın və ictimai nəqliyyatda daşımaların qiymətindəki artımların qarşıdakı dövrdə inflyasiyaya real artırıcı təsiri nə qədər olacaq?

İqtisadçı Rövşən Ağayev deyir ki, bu təsiri proqnozlaşdırmaq üçün 2 göstərici barədə məlumata sahib olmaq lazımdır. Birincisi ailə büdcələrində yanacağa və ictimai nəqliyyata çəkilən xərclərin payıdır:

“Rəsmi statistika bunu 7 faiz ətrafında göstərir. Amma özümün, ətrafda olan müxtəlif insanların məlumatları əsasında hesablama apardım, məlum oldu ki, bu göstərici 10 faizdən çoxdur. Bu, o deməkdir ki, bilavasitə şəxsi avtomobillərdə yanacağa və ictimai nəqliyyata sərf olunan ailə xərclərinin artımına görə iqtisadiyyat əlavə 1 faiz inflyasiya görəcək”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçı bildirir ki, ikinci yanacağın qiymət artımının istehsal xərclərinə təsiri hesabına istehlak mallarının bahalaşmasından yaranan izafi inflyasiyadır.

Onun sözlərinə görə, bunu proqnozlaşdırmaq çətindir:

“Məsələn, dizel yanacağının 25 faiz artımının kənd təsərrüfatı məhsullarının qiymətinə, yaxud benzinin 10 faiz, dizelin 25 faiz bahalaşmasının daşımalar vasitəsilə məhsulların qiymətinə hansı miqyasda ötürüləcəyi bəlli deyil. Rəsmi statistikada istehsal xərclərinin strukturunda yanacağın xüsusi çəkisi barədə məlumat açıqlamır. Eləcə də digər sahələr üzrə istehlak mallarının daşınmasında yanacağın payı açıq informasiya deyil”.

Rövşən Ağayev bildirir ki, hökumətin son qiymət artımlarının inflyasiyayaradıcı real təsirləri payıza doğru daha aydın görünəcək.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, taksi xidmətini bilərəkdən bahalaşdırdılar, dedilər, məqsəd ictimai nəqliyyatdan istifadəni artırmaqdır. Bu qərardan sonra məntiqlə ictimai nəqliyyat daha əlçatan, keyfiyyətli olmalı idi:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Əksinə, nəqliyyatda qiymətləri az qala, 2 dəfə bahalaşdırdılar. Yaxşı, bunun məntiqi nədir? İllərdir hökumətə deyirik ki, ictimai nəqliyyatda qiymət birdəfəlik gedişə görə tənzimlənmir, bu, doğru deyil. Məsələn, birdəfəlik bilet 50 qəpik ola bilər, bu, turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, zamanla məhdudlaşdırılan biletlər də olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır”.

İqtisadçı bildirir ki, belə olarsa, avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilərlər:

“Bu yol həm vətəndaşa, həm şirkətlərə sərfəli olar”.

Son qərarla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

İctimai nəqliyyatda gediş haqları isə 0.40 qəpikdən 0.50 qəpiyə yüksəlib.

Ana səhifəİqtisadiyyatBahalaşma inflyasiyaya təkan verəcək?