close

Bakı ilə Yerevanın “anklav ərazi” mübahisəsi: “SSRİ dövrünün problemidir” (yenilənib)

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Rəsmi Bakı Paşinyanın açıqlamasından təəccübləndiyini deyir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın anklav ərazilərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlik bildirib ki, bu iddia Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlamasına bəraət qazandırmaq məqsədilə irəli sürülüb.

Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycanın hansısa erməni kəndlərini işğalda saxlaması iddiaları yalandır.

Rəsmi Bakı həmçinin Yerevanı beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda, Azərbaycanın 8 kəndini işğalda saxlamaqda qınayır.

Eyni zamanda, Paşinyanın bu açıqlamasından təəccübləndiyini də ifadə edir.

Nazirlik deyir ki, Ermənistanın istinad etdiyi xəritə əslində mövcud deyil:

“Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir”.

“Ermənistanın ərazi iddiaları səbəbindən bu günədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”, – deyə XİN vurğulayıb.

XİN, Foto: Meydan TV
XİN, Foto: Meydan TV


Hərbi ekspert deyir ki, məqsəd danışıqlar prosesini dalana salmaqdır

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında 8 kəndin hələ də Ermənistanın işğalı altında olduğunu xatırlatmasına Ermənistandan reaksiya verilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya bildirib ki, onların da Azərbaycanda anklav əraziləri var:

“Məsələn, Berkaber (Bibiş), Ayqeovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar (Vəlikənd) və digərləri geri qaytarılmalıdır. Azərbaycan 8 kəndi tələb edirsə, biz də bunları tələb edirik”.

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev Meydan TV-yə deyib ki, sovet dövründə şərti sərhədlər olduğundan bir sıra məsələləri aydınlaşdırmaq çətinlik yaradır:

“Çətinlik ondadır ki, SSRİ zamanı Azərbaycanın bir sıra partiya rəhbərləri Ermənistana örüş yeri adıyla torpaq veriblər, amma heç yerdə bunun qeydiyyatı aparılmayıb. Məsələn, 1983-cü ildə Qazax rayonunda belə cəhd olub və buna görə kəndlilərin etirazıyla qarşılanıb, hətta rəhbər işçiləri döyüblər də. Yəni problem SSRİ-nin dövründə yaranıb”.

Rəhim Qazıyev
Foto: sosial şəbəkə

Mən yalnız bir faktı xatırlatdım: bir neçə rayonda yerli rəhbərlik özbaşına əraziləri Ermənistana verib. Ona görə də 1992-ci ildə Başkənd əməliyyatını hazırlayanda Prezident Elçibəy sənədi imzalamadı ki, ora Qarabağa daxil deyil, dinc əhalidən itkilər olar, buna görə bütün dünyanı üstümüzə qaldıra bilərik. Amma biz əməliyyatı uğurla həyata keçirdik, dinc əhalidən həyatını itirən də olmadı. Yəni deməyim odur ki, Başkənd də sovet dövründə Ermənistana verilib”, – sabiq müdafiə naziri bildirib.

Hərbi ekspert Üzeyr Cəfərov Paşinyanın adlarını çəkdiyi kəndlərin Azərbaycanın qərb rayonlarına yaxın olduğunu deyib:

Üzeyr Cəfərov
Üzeyr Cəfərovun şəxsi arxivindən

Həmin kəndlərin bəzilərinin adlarını birinci dəfədir ki, eşidirəm. Ancaq Bibiş və Vəlikənd kəndləri barədə məlumatlıyam, digərlərini bilmirəm. Adlarını çəkdiyim kəndlərdə isə əvvəllər azərbaycanlılar yaşayıb, Tovuz istiqamətindədir. Güman ki, Paşinyana yeni xəritə veriblər”.

Məsələ ondadır ki, hər dəfə sülh gündəliyi ortaya çıxanda bu cür qarışıq problemlər müzakirə predmetinə çevrilir. İndiyə qədər Başkənddən söhbət gedirdi, amma maraqlıdır ki, Nikol Paşinyan nədənsə o barədə susur. Bax, bu məndə sual yaradır. Məncə, burada danışıqlar prosesini dalana salmaq məqsədi güdülür”.

Hərbi jurnalist Səxavət Məmməd isə deyir ki, Paşinyanın çıxışında anlaşılmazlıq var:

Səxavət Məmmədin şəxsi arxivindən

Xəritədə baxanda qeyd edilən kəndlərin Azərbaycanın yox, Ermənistanın nəzarətində olduğu, hətta həmin kəndlərdə ermənilərin yaşadığı bəlli olur. Ola bilər ki, Paşinyan gələcək dövrü nəzərə alıb çıxış edib. Əks halda bu cür çıxış yersiz görünür”.

Ana səhifəSiyasətBakı ilə Yerevanın “anklav ərazi” mübahisəsi: “SSRİ dövrünün problemidir” (yenilənib)