close

Bakı Yerevanı noyabr bəyanatını pozmaqda ittiham edir

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Nazirlik sülhməramlıları hərbi yüklərin daşınmasına şərait yaratmaqda günahlandırır

Azərbaycan Ermənistanı 10 noyabr bəyanatını pozmaqda ittiham edir.

Səbəb kimi Ermənistanın Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması göstərilir.

Bu barədə aprelin 23-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, aprelin 22-si saat 20:00 radələrində Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olub:

Hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib. Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb”.

Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb”, – deyə nazirliyin məlumatında vurğulanıb.

Ermənistanın rəsmi qurumları bu barədə hələ ki məlumat yaymayıb.

Müharibə və noyabr bəyanatı…

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr üçtərəfli bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Bəyanata görə, Ermənistan silahlı qüvvələri və hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməli idi.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətBakı Yerevanı noyabr bəyanatını pozmaqda ittiham edir