Sakinlər həşərətların kütləvi çoxalmasından narahatdır
Bir neçə aydır Bakı da daxil olmaqla Abşeronda, o cümlədən müxtəlif bölgələrdə yayılan Amerika Ağ kəpənəyi adlandırılan zərərli həşəratların kökünü kəsmək olmur. Mütəxəssislər havaların həşəratlar üçün əlverişli keçməsi səbəbindən bu il Amerika Ağ kəpənəyinin kütləvi çoxaldığını, lakin görülən tədbirlər və yağışlı, soyuq havalar səbəbindən tezliklə məhv olacağını açıqlayıblar.
Bakının mərkəzi də daxil olmaqla Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də Abşeronda hələ də Amerika Ağ kəpənəkləri sakinlərin narahatlığına səbəb olur.
Saray sakini Amin Quliyev Meydan TV-yə bildirib ki, həyətindəki tut ağacları tamamilə məhv olub, həşəratlar həyətə, oradan da evə qədər yayılıb.
“Həyəti, pilləkənləri yuyucu vasitələrlə yuyuruq, bir neçə saatdan sonra eyni vəziyyət yaranır. Evin içərisində, pərdənin üstündə gəzirlər. Uşaqlar qorxurlar, iyrənc vəziyyət yaranır”,-şikayətçi deyib.
Bildirib ki, özəl şirkətlərlə danışıblar, kvadratmetr sahəyə uyğun dezinfeksiya həyata keçirilir. Amma problem ondadır ki, birdəfəlik kökünü kəsmək üçün qonşuların da həyətləri, bağlar dezinfeksiya olmalıdır. Amma çoxu ya xidmətin bahalığından, ya da müxtəlif səbəbdən razı olmur:
“İcra Hakimiyyətinə deyirik, “müraciətiniz qeydə alınır” deməklə kifayətlənirlər”.
Bakının Nərimanov, Yasamal və digər rayonlarında da bir neçə aydır bu həşəratlara rast gəlinir. Baxmayaraq ki, şəhərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Qarabağ küçəsinin sakinləri deyirlər ki, yaxınlıqda tut ağacları da yoxdur, amma balkonlarda bu həşəratlara rast gəlirlər. Sakinlərdən Sona Abbasova bildirib ki, məhəllədə bütün evlərdə qurda bənzər kəpənək, eləcə də indiyə qədər görmədiyi həşəratlardan var.
“Uşaqlara tapşırmışıq ki, ehtiyatlı olsunlar. Bəlkə də məktəbdə, küçədə paltarlarına düşüb, oradan evlərə gəlib. Sovetlər dönəmində konkret idarələr vardı, bloklar, evlər dizenfeksiya edilirdi. İndi isə bütün sahələr pullu olub, əhalidə isə pul yoxdur”,-Abbasova bildirib.
Abşeron Rayonu Masazır kəndindən də sakinlər həşəratların bağlara darışdığını, günlər keçsə də, tam məhv olmadığını deyiblər.
Amerika Ağ kəpənəyi meyvə bağları, dekorativ ağaclar və meşələr üçün qorxulu zərərvericidir.
Mütəxəssis Zamin Məmmədov bildirib ki, həşəratlara qarşı mübarizə gecikdirildiyi üçün həşəratlar daha böyük əraziyə yayılıb. Amerika Ağ kəpənəyi tut, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, üzüm və digər ağaclara zərər vurur. Həşəratlar ən təhlükəli karantin zərərvericiləri sırasına daxil edilir.
Amerika Ağ kəpənəyi Bakı və Abşerondan əlavə Xaçmaz, Quba, Dəvəçi, Siyəzən, Astara, Lənkəran və digər rayonlarda da kütləvi yayılıb:
“Vaxtında və düzgün mübarizə tədbirləri həyata keçirilərsə, zərərvericinin sayı azalar”.
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev isə bildirib ki, Amerika Ağ kəpənəkləri təxminən 15 -20 il əvvəl də olub, o zaman tut ağaclarına zərər vurublar:
“Sərçələr bu kəpənəkləri yem kimi istifadə edirdilər. Bakıda isə sərçələr yoxa çıxıb. Yadınızdadırsa, bir müddət əvvəl qarğalar çoxalmışdı. Onlar sərçə yumurtalarını kütləvi yedilər. Sərçələr olmadığından həşəratlar çoxalıb”.
Ə.Əliyev deyib ki, bar verən tut ağacları kütləvi şəkildə yarpaqlarını itirirlər. Bunlar meyvə verən qiymətli ağaclardır. Buna görə də aidiyyatı qurumlar tərəfindən bu həşəratların kökü kəsilməlidir.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin açıqlamasında isə paytaxt ərazisində dərmanlama işlərinin aparıldığını bildirib. Qeyd edilib ki, şəhər ərazisi böyük olduğundan sakinlər də həşəratların yayıldığı ərazi ilə bağlı məlumat verməlidirlər.