close

Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib

Fotolar: “Facebook”

Vüsal Kərimli avtobusun test məqsədilə gətirildiyini deyir

Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib.

Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyir ki, avtobus Çinin BYD şirkətindən test məqsədilə alınıb.

12 metrlik avtobus 33 sərnişin oturacağına malikdir.

Avtomobilin ümumi sərnişin tutumu 82 nəfərdir.

“Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək”,
– Vüsal Kərimli əlavə edib.

Azərbaycanın qonşusu Gürcüstanda illərdir ki, elektrik avtobuslarından istifadə edilir.

Bu, həm yanacaq sərfiyyatını azaltmağa, həm də ekoloji təmiz nəqliyyat vasitəsi kimi daha əlverişlidir.

Batumi şəhərindəki elektrik avtobusunun bir gedişi 0.30 tetridir (20 qəpik).

Eko-fəal Cavid Qara Bakıya elektrik avtobusunun gətirilməsini müsbət hal kimi qiymətləndirir.

Onun sözlərinə görə, avtobusla bağlı xəbərin fonunda bir çoxu 15 il əvvəlin məlumatına əsasən, deyir ki, elektrik maşınlar zəif olur, bu avtobus Bakıda hərəkət edə bilməyəcək:

Cavid Qara. Foto: screenshot

“Elə deyil. Elektrik nəqliyyat vasitələrinin ən çətin tapşırığı olan mədən sənayesindən misal çəkim. İsveçrədə mədənlərin birində fəaliyyət göstərən 60 ton yükdaşıma qabiliyyəti olan nəhəng mədən “Kamaz”ından danışım sizə. Bu yük maşını nəinki bu ağır tapşırığın öhdəsindən gəlir, hətta günün sonunda təxminən 200 KW əlavə enerji istehsal edir. Bu və əksər mədənlərdə emal müəssisəsi mədəndən aşağıda yerləşir. Yük maşını boş qalxır, dolu düşür. Regenerativ əyləc sistemi (priuslarda olduğu kimi) yüklə aşağı düşərkən yuxarı qalxmağa lazım olandan daha çox enerji istehsal  edir (sürtünmədən itkini azaldır və qravitasiya qüvvəsindən istifadə edir). Hər dəfə təxminən 10 kW. Gün ərzində 20 dəfə bu tapşırığı edir və batareyada təxminən 200 kW əlavə enerji toplayır. Bu əlavə enerjini isə emal müəssisəsində istifadə edirlər. Bu, bir evi təxminən bir həftə elektriklə təmin etməyə bəs edir”.

Eko-fəal bildirir ki, təbii tapşırıqlar dəyişdikcə, sərfiyyat da dəyişir.

Onun fikrincə, istənilən halda, regenerativ əyləc sistemi sərfiyyatda əhəmiyyətli rol oynayır:

“Ona görə də heç çox sürətli çarger quraşdırmayıblar. 100 kW-lıq çargerlə bu nəhəngi işlədirlər. Hərdən lazım olanda əlavə etmək və boşaltmaq üçün 2 istiqamətli çarger istifadə edilir”.

Ana səhifəSosialBakıya ilk elektrik mühərrikli avtobus gətirilib