close

Barışaq, ya küsülü qalaq?

Ermənistan-Azərbaycan. Foto: arxiv

Zərdüşt Əlizadə

Natali Aleksanyan çox cəsarətli və xoş niyyətli təşəbbüslə çıxış edib

Hamı sülh müqaviləsindən danışır. Olacaq, ya olmayacaq? Olsa, nə vaxt olacaq? Olsa, harada olacaq? Olmasa, nə olacaq? Azərbaycan Ermənistana təcavüz edəcək, ya etməyəcək? Təcavüz etsə, dünyada kim Ermənistanın köməyinə gələcək? Və sair və ilaxır.

Digər mövzu da çox maraq doğurur: Qarabağ erməniləri Azərbaycan hakimiyyətinin çağırışına cavab verib evlərinə dönəcəklərmi? Dönmək istəsələr, Ermənistan hakimiyyəti və onun arxasında duran Fransa prezidenti buna icazə verəcəkmi? Verməsə, niyə verməyəcək? Azərbaycan hakimiyyəti Qərbin öz sülhməramlılarını Qarabağda yerləşdirmək istəyini rədd edəcəkmi? Yox desək, Qərb nə edə bilər? Və sair və ilaxır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Tək Azərbaycanda deyil, Ermənistanda da hamı çaşqın və nigarandır. Müharibə üç ildir qurtarıb, fəqət hamı sülh sarıdan nigarandır. Heç kəs heç nə dəqiq bilmir. Fəal və özünə əmin vətəndaşlar hesab edirlər ki, onların söz demək, mövqelərini ortaya qoymaq zamanı gəlib.

Erməni blogeri Natali Aleksanyan Azərbaycanın Prezidenti İlham Əliyevə iki namə yollayıb. Namələr çox ehtiram və ləyaqətlə yazılıb. Məzmunu cəmi əhaliyə məlumdur: Möhtərəm cənab Prezident, əgər icazə versəniz, mən Azərbaycan vətəndaşlığını qəbul etməyə, Qarabağa köçüb orada yaşamağa və əlimdən gələn bütün səylərimi Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası işinə həsr etməyə hazıram.

Sizin həqir bəndəniz onun erməni kanallarına müsahibələrinə tamaşa edib. Savadlı, yaraşıqlı cavan qadındır, sözünü-danışığını, mövqeyini əsaslandıra və özünün haqlı olduğuna inandıra bilir.

Natali Aleksanyan. Foto: Telegram

Söz yox ki, Natali xanımın təşəbbüsünün “əmma”ları ola bilər. Məsələn, onun bu səmimi niyyəti bulanıq münaqişə çayında balıq tutmaq istəyən erməni və fransız siyasətçilərinə nə qədər əl verir? Tutaq ki, Prezident Əliyev bu nəcib təşəbbüsü bəyənib dəstəklədi, bu isə barış əleyhdarlarına xoş gəlmədi. Deməli, Natalı xanıma bir neçə cangüdən ayırmaq lazım gələcək, çünki terror aktı törədib günahı başqalarının üzərinə yıxmaq mümkündür. Ən qəliz vəzifə isə azı yüz il əhalinin, sıravi erməni insanının beyninə doldurulmuş düşmənçiliyi, inamsızlığı, qorxunu həmin insanın ruhundan, canından çıxarmaqdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün Natali xanım gərək Herakl kimi mənəvi Avgiy tövlələrini təmizləməyi bacarmalıdır.

Və ya onun Azərbaycan tərəfinin barış istəyinin səmimiyyətinə inamı bizim tərəfin hansısa pünhan arzuları ilə toqquşa bilər. Şər deməsən xeyir gəlməz, müharibə nə qədər xətalıdırsa, barış da bir o qədər xətalıdır.

Fikir verirsinizmi ki, münaqişənin həll edilməsi bu xeyirxah vasitəçiləri nə qədər əsəbiləşdirib və özlərindən çıxarıb? Onlar müvazinətlərini tamam itirib elə hərəkətlər edirlər ki, ağlı başında olan kəslər onlara istehza ilə yanaşır.

Əsas odur ki, Natali Aleksanyan çox cəsarətli və xoş niyyətli təşəbbüslə çıxış edib. Erməni cəmiyyəti üçün belə təşəbbüs çox nadir hadisədir və sahibindən qəhrəmanlıq tələb edir.
Yeri gəlib, özümüzdən soruşaq: bizim cəmiyyət bu nəcib təşəbbüsə layiqli münasibət bildirə biləcəkmi?

Söz yox ki, terrora qarşı məhdud miqyaslı tədbir əməliyyatından sonra Azərbaycan hakimiyyəti heç kəsin gözləmədiyi diplomatik məharət, mərifət və qanacaq nümayiş etdirdi, Qarabağ erməniləri ilə insanpərvərliklə davrandı, bir nəfərin belə olsun burnu qanamadı, çıxmaq istəyən dünyanın gözü önündə könüllü çıxdı və ədavət tərəfdarlarının deməyə sözü qalmadı. Bu, hakimiyyətin mövqeyi idi və sözsüz ki, ən yuxarı məqamdan diktə edilirdi.

Lakin hakimiyyətdən savayı, barış həm də cəmiyyətin, sıravi vətəndaşların işidir. Bax, sıravi vətəndaşlara gəldikdə, heç kəs kütləvi diplomatik məharətə, mərifət və qanacağa zəmanət verə bilməz.

Bu fikri tam əminliklə deyirəm, çünki sosial şəbəkələrdə tüğyan edən mənəmlik, lovğalıq və hikkə tufanını müşahidə edirəm. Əminəm ki, bu lovğalıq və hikkə sahiblərinin Qarabağın azad edilməsində qara qəpiklik xidməti yoxdur. Xidməti olanlar ya, heyf ki, qara yerin altındadırlar, ya da, sağdırlarsa, susub özləri barədə hər yerdə car çəkmirlər, boşuna lovğalanmırlar. Müharibə fəlakətləri və ölümlə qarşılaşma onlara özlərini ləyaqətlə, qürurla aparmağı öyrədib.

Bax, dəmdəməki insanları dinc yanaşı yaşamağa öyrətmək üçün dübarə dəmir yumruq lazım gələcək. Qanun işə düşüb ciddi şəkildə hamıya izah etməlidir ki, münaqişə illərinin ucuz lotuluqları geridə qalmalıdır. Əhali anlamalıdır ki, sülh bağlanandan sonra dünənki düşməni nə təhqir etmək, nə də hüquqlarını məhdudlaşdırmaq olar. Möhkəm sülh həm erməni, həm də Azərbaycan xalqına eyni dərəcədə lazımdır. Əks halda xəbis vasitəçilər iki xalqı əbədiyyətə qədər oynadıb vuruşduracaq.

Fikir verirsinizmi ki, münaqişənin həll edilməsi bu xeyirxah vasitəçiləri nə qədər əsəbiləşdirib və özlərindən çıxarıb? Onlar müvazinətlərini tamam itirib elə hərəkətlər edirlər ki, ağlı başında olan kəslər onlara istehza ilə yanaşır.

Salamat yaşayıb övladını əmin-amanlıqda böyütmək istəyənlər gərək bundan nəticə çıxarıb iki xalqı bir daha düşmən etməyə macal verməsinlər. Məhz buna görə biz bütün sülhpərvər insanlara, o cümlədən Natali Aleksanyana xoş niyyətinə görə minnətdar olmalıyıq.

Ana səhifəMənim FikrimcəBarışaq, ya küsülü qalaq?