close

Baş həkim və vergi idarəsinin rəisi həbs olundu

Həbs. Foto: Meydan TV

Hər iki şəxs rüşvətalmada ittiham olunur

İki gün əvvəl saxlanılan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyevin haqqında həbs qətimkan tədbiri seçilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Eşqin Əliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanmışdı. O, təqaüd təyinatı, xəstəliklərə dair göndərişin elektron sistemə yüklənməsi, eləcə də rəhbərlk etdiyi xəstəxanaya işə qəbul müqabilində rüşvət almaqda ittiham olunur.

“Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb”, – Baş Prokurorluqdan bildirilib.

Eşqin Əliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və başqa maddələri ilə ittiham irəli sürülüb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində də əməliyyat keçirib. İdarənin rəisi Zaur Adilov və bu qurumun Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Əliyev həbs olunub. Onlar şirkətdə səyyar vergi yoxlaması keçirilməməsi müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

“Qeyd edilən xüsusatlar üzrə Zaur Adilovun, habelə həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış Əjdər Əliyevin üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb”, – Baş Prokurorluğun bu barədə məlumatında deyilir.

Adları çəkilən şəxslərə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Həbs olunan şəxslərin onlara verilən ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəXəbərlərBaş həkim və vergi idarəsinin rəisi həbs olundu