close

Baş redaktor yenə hədə-qorxu ilə pul tələbetmədə ittiham olunur

Foto: Habil Vəliyevin şəxsi arxivindən

Habil Vəliyev həm də məntəqə sədri imiş

“Gündəlik Bakı” qəzeti və saytının həm təsisçisi, həm də baş redaktoru Habil Vəliyev həbs olunub. O, ötən dəfəki həbsində olduğu kimi, bu dəfə də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələbetmə) maddəsilə ittiham olunur.

Bir neçə nəfəri şantaj etməkdə təqsirləndirilən Habil Vəliyevi yanvarın 13-də öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşları saxlayıb.

Yanvarın 15-də Nərimanov Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qərarı çıxarılıb.

Habil Vəliyevin oğlu Allahverdi Vəlizadə yanvarın 14-də Prezident, Vitse-prezident və Daxili İşlər nazirinə müraciət edib. O vurğulayıb ki, atası həm də seçki məntəqəsinin sədridir. Atası saxlansa da, ailəyə bu barədə məlumat verilmir, onun yerini öyrənə bilmirlər. Oğlu əlavə edib ki, tutulmamışdan öncə Daxili İşlər Nazirliyinin idarə rəisi atasını hədələyib:

“Atamın saxlanılmasına heç bir əsas yoxdur. Habil Vəliyev seçki məntəqəsinin sədridir. Seçki ilə məşğul idi. Hər gün məntəqəyə işə gedib-gəlirdi. Habil Vəliyev YAP-ın ilk üzvlərindəndir. Hər zaman YAP-ın və İlham Əliyevin siyasi fəaliyyətini dəstəkləyib. Bir sözlə, iqtidardı. Hal-hazırda seçki ərəfəsindəyik. Dövlətə və dövlətçiliyə sədaqətli olan məntəqə sədrini saxlamaq nə qədər düzgündür?”.

“Atamın saxlanılması qərəzlidir. Görünür cənab nazirə məlumatlar çatdırılmayıb. Ortada Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərin Habil Vəliyevə qarşı düşmənçiliyi var. Saxlanılmasından bir gün öncə nazirliyin idarə rəisi tərəfindən hədə-qorxulardan ibarət zəng buna sübutdur. Onu da ictimaiyyətə açıqlayacağıq…”, – oğlu deyib.

Habil Vəliyev bundan öncə 2016-cı ilin dekabrında həbs olunmuşdu. Həmin vaxt onu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlamışdı. Habil Vəliyev o zaman rayonların təhsil, turizm idarələrinin rəhbərlərini və digər məmurları, restoran, iaşə obyekti sahibi olan iş adamlarını öz qəzetində rüsvay etməklə şantaj edib pul almaqda ittiham olunurdu.

Habil Vəliyev bu ittihamlarla 4 il azadlıqdan məhrum edilmişdi. Ötən həbsində Habil Vəliyevin əmlakları üzərinə də həbs qoyulmuşdu. Amma məhkəmə 2018-ci ildə ona hökm çıxaranda əmlaklarını müsadirə etməmiş, onların üzərindəki həbsi də götürmüşdü.

Ana səhifəXəbərlərBaş redaktor yenə hədə-qorxu ilə pul tələbetmədə ittiham olunur