close

Bayramov almaniyalı həmkarı ilə Qarabağdakı gərginliyi müzakirə edib

Foto: Azərtac

Rəsmi Bakı “gərgin humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları qəbul etmir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefonla danışıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı regionda mövcud vəziyyət, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib.

“Nazir Ceyhun Bayramov almaniyalı həmkarına bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verib. “Gərgin humanitar vəziyyət” və “blokada” ilə bağlı Ermənistanın yaydığı iddiaların əsassız olduğunu bildirib”, – deyə XİN qeyd edib.

Nazir həmçinin Ermənistanın və Qarabağdakı qanunsuz rejimin Ağdam-Xankəndi və Laçın yolundan sinxron istifadənin təşkili barədə təkliflərdən imtina etməsini də diqqətə çatdırıb.

O, eyni zamanda, “humanitar böhran” haqda iddiaların yalan olduğunu deyib.

“Ermənistanın təxribatyönlü hərəkətləri, o cümlədən erməni qoşunların Azərbaycan ərazilərindən çıxarılmaması sülhün bərqərarına mane olur və təhlükə mənbəyi sayılır”, – deyə  Bayramov nazirlə telefon danışığı zamanı qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Münaqişənin qısa xronikası

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Rəsmi Bakı isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Bakı bu addımını Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə əsaslanıdırır.

Ermənistan isə bu ittihamları qəbul etmir.

Rəsmi Yerevan hesab edir  ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətBayramov almaniyalı həmkarı ilə Qarabağdakı gərginliyi müzakirə edib