close

Bayramov Mirzoyanın təklifini qəbuledilməz sayır

Foto: XİN

“Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”

Azərbaycan Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi təklifini qəbuledilməz sayır.

Bu barədə dekabrın 14-də xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Dekabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan demişdi ki, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların çıxarılması məsələsi müzakirə olunub:

İnanırıq ki, qoşunların çıxarılması müsbət nəticə verəcək və gərginliyin daha da artmasının qarşısını almağa kömək edəcək. Yekun razılaşmamız olduğunu deyə bilmərəm”.

Erməni nazir həmçinin demişdi ki, əsas proses sülh müqaviləsi üzrə danışıqlardır:

Hesab edirəm ki, Azərbaycan danışıqlar masası arxasına, görüşlər prosesinə qayıtmalıdır. Əslində, işin çox hissəsi görülüb, görüşmək və sülh sazişinin yekun formalaşdırılması ilə bağlı razılığa gəlmək lazımdır”.

Ceyhun Bayramov isə vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:

Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan xarici işlər nazirinin açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”.

Bayramovun sözlərinə görə, Ermənistanın təqdim etdiyi təkliflər paketi əvvəlkilərlə eyni deyil:

“Yeni təkliflər paketində nikbinlik var”.

Amma nazir detallardan danışmayıb:

Təbii ki, mən onun mahiyyətinə varmaq istəməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə nəzər salanda görürük ki, bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur. Bütün bu faktorları biz nəzərə alaraq bir nikbinlik var, ancaq eyni zamanda burada mən hər hansı bir vaxt səsləndirmək istəməzdim”.

Biz çox vacib, çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması burada aydındır. Ermənistan yalnız öz istəklərini deyil, Azərbaycanın legitim maraqlarını, tarixi ədaləti və beynəlxalq hüquqa hörmət etməyi sərgiləyərsə, düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür”, – deyə o bildirib.

Ana səhifəSiyasətBayramov Mirzoyanın təklifini qəbuledilməz sayır