close

Bərdə Diaqnostika Mərkəzinin həkim-cərrahı ana ölümünə görə məhkəmə qarşısında

Bərdə Diaqnostika Mərkəzi. Foto: wikimedia

Zərərçəkən tərəf istintaqın gedişindən narazıdır

Bərdə Diaqnostika Mərkəzinin həkim-cərrahı Teymur Əlləzov yaxın günlərdə Bərdədə məhkəmə qarşısına çıxarılacaq. O, səhlənkarlıq nəticəsində ana ölümünə bais olmaqda təqsirləndirilir.

Tərtər rayonunun Əskipara kənd sakini Sahilə Əsədova 2022-ci ilin iyulunda ikinci övladını dünyaya gətirərkən vəfat edib. Yaxınları onun ölümünə görə həkimi ittiham edir. Hesab edirlər ki, 24 yaşlı qadın həkim səhlənkarlığının qurbanı olub.

Hadisədən sonra Sahilə Əsədovanın yaxınları həkim-cərrah Teymur Əlləzovdan şikayətçi olmuşdu. Hadisədən təxminən bir ay sonra – avqustun 2-də həkimin barəsində cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülmüşdü. İstintaq dövrü üçün Teymur Əlləzov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Sahilə Əsədovanın yaxınları isə istintaqın gedişindən narazı qalıb. Onlar hesab edir ki, Bərdə Rayon Prokurorluğunda həkimlə bağlı istintaq qeyri-obyektiv aparılır, bütün məsələlər araşdırılmır. Ailə iddia edir ki, prokurorluq bu işi müəyyən maraq müqabilində tam, hərtərəfli araşdırmayıb.

Lakin Baş Prokurorluğun mətbuat xidməti Sahilə Əsədovanın yaxınlarının iddialarını rədd edib:

“Tərtər rayon sakini Sahilə Əsədovanın doğuşdan sonra ölməsinə dair Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Teymur Əlləzovun işinə Bərdə Rayon Məhkəməsində baxılacaq. Bu işi araşdırmaq hakim Gündüz Abbasova həvalə olunub. Məhkəmə prosesi fevralın 28-də başlayacaq.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Teymur Əlləzov özünü təqsirli bilmir.

Sahilə Əsədova iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. O, qeysəriyyə əməliyyatından sonra böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. Uşağın vəziyyəti yaxşı olsa da, ana iyulun 9-da vəfat edib.

Ana səhifəBölgəBərdə Diaqnostika Mərkəzinin həkim-cərrahı ana ölümünə görə məhkəmə qarşısında