close

Bəxtiyar Hacıyev bu dəfə də ev dustaqlığına buraxılmadı

Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən

Vəkillər onun girov müqabilində azadlığa buraxılması üçün müraciət edəcək

Dekabrın 23-də Bakı Apelyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə şikayətə baxılıb. Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində şikayət təmin edilməyib – bu məhkəmə də Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmaqdan imtina edib.

Qapalı keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev özü də iştirak edib. O, çıxışında bildirib ki, sifarişlə həbs olunub. Məhkəmədən ədalətli və obyektiv qərar gözləmədiyini deyən ictimai fəal vurğulayıb ki, onun həbsi hüquqi məsələ deyil. Məhkəmənin verəcəyi qərar da hakimə gələn göstərişin nəticəsi olacaq.

Məhkəmədə iştirak edən vəkillər Aqil Layıc, Fəxrəddin Mehdiyev, Nemət Kərimli və digərləri Bəxtiyar Hacıyevin barəsindəki cinayət işinin də, onun haqqındakı həbs qərarının da əsassız olduğunu vurğulayıblar. Vəkillər dekabrın 15-dən davam edən aclığın Bəxtiyar Hacıyevin səhhətində yaratdığı problemlərin də nəzərə alınmasını xahiş ediblər.

Lakin hakim Qədim Babayev şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc jurnalistlərə bildirib ki, bundan sonra Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılması üçün məhkəməyə müraciət olunacaq. Qanunda girov qətimkan tədbiri də nəzərdə tutulub.

Vəkil onu da əlavə edib ki, hazırda Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyev həkim nəzarətində olsa da, onun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına köçürülməsi üçün müvafiq qurumlara müraciət ediblər. Hazırda cavab gözləyirlər.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev bu dəfə də ev dustaqlığına buraxılmadı