close

Bəxtiyar Hacıyev həbsdə aclığa başladığını bildirdi

Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən

İctimai fəalın apelyasiya şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev haqqında həbs qərarından verilən şikayətə baxılıb. Məhkəmədə Bəxtiyar Hacıyev özü də iştirak edib.

Haqqındakı cinayət işinin qondarma olduğunu vurğulayan ictimai fəal məhkəmədə deyib ki, həbs olunacağı haqda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov ona əvvəldən xəbərdarlıq etmişdi:

“Demişdi ki, əgər sən xaricdə bizə qarşı sanksiyalar məsələsini qaldırırsansa, biz də səni həbs eləməyə məcbur olacağıq”.

Daxili işlər naziri Vilayət Eyvazovun sifarişiylə həbs olunduğunu vurğulayan Bəxtiyar Hacıyevin sözlərinə görə, nazirin bu addımı həm də ölkə rəhbərliyinə qarşı təxribatdır. Çünki bu cür qanunsuz həbslərə görə beynəlxalq aləmdə ölkə rəhbərliyi cavab verməli olur.

Məhkəmədə iştirak edən müstəntiq Bəxtiyar Hacıyevin konkret cinayətə görə həbs məsuliyyətə cəlb olunduğunu bildirib, onunla Ülviyyə Alovlu arasında yaranmış pişik mübahisəsindən danışıb. İctimai fəal müstəntiqə belə cavab verib:

“Əvvəla, məsələ bu deyil. İkincisi, nazir olub, günahsız adamları həbs elətdirməkdənsə, pişik olmaq daha yaxşıdır”.

Bəxtiyar Hacıyev həbsdə ailə üzvlərilə telefon danışığı və görüş hüququnun pozulduğunu da hakimlərin nəzərinə çatdırıb.

İctimai fəal elan edib ki, qanunsuz həbs olunmasına etiraz olaraq, dekabrın 15-dən aclıq aksiyasına başlayıb:

“Bu gün Bakı İstintaq Təcridxanasından məhkəməyə gələndə də sudan başqa heç nə qəbul etməmişəm. Bu gündən aclığa başlamışam”.

Bakı Apelyasiya Məhkəməsinin qarşısı. Foto: Rüfət Səfərovun “Facebook” səhifəsindən

Bəxtiyar Hacıyevin vəkilləri onun haqqında həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas olmadığını bildiriblər. Müstəntiq onun istintaqdan yayınmaq ehtimalı olduğunu desə də, vəkillər bildirib ki, Bəxtiyar Hacıyev daim istintaqın çağırışlarına gəlib, əksinə, özü bu işin obyektiv araşdırılmasında maraqlı olub.

Vəkillər vurğulayıb ki, Bəxtiyar Hacıyev heç bir cinayət törətməyib. Əksinə, o zərərçəkəndir. Müdafiəçilərin sözlərinə görə, hətta bunun əksi olsaydı belə, yenə də Bəxtiyar Hacıyevin ittiham olunduğu maddələrlə istintaq dövründə həbs qətimkan tədbiri seçilməsi ağlabatan deyil.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib – Bəxtiyar Hacıyevin istintaq dövründə həbsdə saxlanması haqda qərar qüvvədə qalıb.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, yaxud 1 ilədək islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 289.1 maddəsində isə 500 manatdan 1000 manatadək cərimə və ya 320 saatdan 400 saata qədər ictimai işlər və ya 6 aya qdər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Bu iş üzrə uzun müddət idi ki, Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedirdi. Bəxtiyar Hacıyev dəfələrlə polisin məsələni obyektiv araşdırmamasından şikayətlənib, hətta buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyə cəhd göstərib.

Lakin Daxili İşlər Nazirliyi onun iddialarının əsassız olduğunu bəyan edirdi.

Bəxtiyar Hacıyev zaman-zaman sosial media hesablarında daxili İşlər naziri Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev həbsdə aclığa başladığını bildirdi