close

Bəxtiyar Hacıyevin işi üzrə istintaq yekunlaşıb

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

13 cilddən ibarət istintaq materialı məhkəməyə göndəriləcək

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə istintaq yekunlaşıb.

Hazırda Bəxtiyar Hacıyevin özü və vəkillərinin cinayət işinin materiallarıyla tanış olması mərhələsidir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, ictimai fəal haqqında cinayət işinin materialları 13 cilddən ibarətdir.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında bloger Ülviyyə Muradova (Alovlu) ilə aralarındakı insidentə görə həbs olunmuşdu.

Həmin vaxt ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Lakin 2023-cü il iyunun 16-da ona yeni maddələrlə əlavə ittihamlar verildi. Bunlar əsasən maliyyə məsələlərilə bağlı ittiham idi.

İctimai fəala qarşı Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham irəli sürülüb.

Noyabrın 7-də isə Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham verildi.

Bundan sonra istintaq yekunlaşıb.

Cinayət işinin materiallarıyla tanışlıq mərhələsi başa çatandan sonra prokuror ittiham aktını təsdiqləyəcək və iş məhkəməyə göndəriləcək.

Bəxtiyar Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Bəxtiyar Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevin işi üzrə istintaq yekunlaşıb