close

Beynəlxalq təşkilatlar Gürcüstan hakimiyyətindən jurnalisti Azərbaycana verməməyi tələb edib

Əfqan Sadqıov Gürcüstanda saxlanılarkən. Foto: Sevinc Sadıqova

Təşkilatlar Əfqan Sadıqovla bağlı narahatlıqlarını ifadə edib

Avropa Jurnalistlər Federasiyası (EFJ), Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası (IAGJ) və “Amnesty International” Gürcüstan hakimiyyətini azərbaycanlı jurnalist Əfqan Sadıqovun ekstradisiyanı dayandırmağa çağırıb.

Əfqan Sadıqov “Azel.TV”-nin baş redaktorudur. O, avqustun 3-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində polis tərəfindən saxlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılandan sonra məlum olub ki, Azərbaycanda onun barəsində cinayət işi açıb, beynəlxalq axtarışa verilib. Jurnalist və ailəsi ittihamı rədd edir, siyasi sifariş adlandırır.

Əfqan Sadıqov hazırda Gürcüstanda deportasiya həbsxanasında saxlanılır. Təşkilatlar bildirir ki, Gürcüstan hakimiyyəti həbsi Azərbaycan Baş Prokurorluğunun ekstradisiya sorğusu əsasında həyata keçirib. İttihama əsasən Azərbaycanda Sadıqova qarşı hədə-qorxu ilə tələbetmə ittihamıyla cinayət işi açılıb, məhkəmə jurnalisti axtarışa verib.

Sadıqovun gürcü vəkili Dimitri Nozadze mətbuata açıqlamasında işin uydurma olduğunu istisna etməyib.

Avqustun 5-də Tbilisi Şəhər Məhkəməsi Sadıqov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Təşkilatlar Gürcüstan hakimiyyətindən Sadıqovu Azərbaycana verməməyi tələb edib. Onun azadlığa buraxılmasını istəyib.

“Azərbaycanlı jurnalist öz ölkəsində hakimiyyətin təqiblərindən xilas olmaq üçün 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb və burada müxtəlif ittihamlarla bir neçə dəfə həbs edilib ki, bu da Platformanın digər xəbərdarlıqlarının mövzusudur”, – açıqlamada deyilir.

2020-ci il noyabrın 3-də Azərbaycanda məhkəmə Sadıqovu 7 il azadlıqdan məhrum etmiş, Ali Məhkəmə isə cəzanı 4 ilə endirmişdi. O, Prezident İlham Əliyevin 27 may 2022-ci il tarixdə imzaladığı Əfv fərmanı ilə 2 il 15 günlük həbsdən sonra azadlığa çıxıb. 17 iyul 2024-cü ildə Gürcüstan sərhəd nəzarəti Sadıqova və ailəsinə Tbilisi beynəlxalq hava limanından Türkiyəyə getməyə izin verilməyib, ona yalnız Azərbaycana gedə biləcəyi bildirilib. O, bundan bir neçə gün sonra həbs edilib.

Ana səhifəSiyasətBeynəlxalq təşkilatlar Gürcüstan hakimiyyətindən jurnalisti Azərbaycana verməməyi tələb edib