close

Bir yaşlı uşağını öldürməkdə ittiham olunan ana məhkəmə qarşısında

Shutterstock – Evso

Uşağın nənəsi: “Qızımın psixi problemləri var…”

Bir yaşlı oğlunun yeməyinə zəhər qatmaqla onu öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 27-də məhkəmədə Nərgiz Bağıyevanın anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, onun 21 yaşı var. Zərərçəkmişin hüquqi varisi qismində uşağın nənəsi – Nərgiz Bağıyevanın anası Leyla Bağıyeva tanınıb.

Nərgiz Bağıyevaya Cinayət Məcəlləsinin 120.2.4. (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan qanunlarına əsasən, qadınlara ömürlük həbs cəzası təyin olunmur.

Nərgiz Bağıyevanın işi üzrə dindirmələr aprelin 3-dən başlayacaq.

Leyla Bağıyeva mediaya müsahibələrində bildirib ki, qızının psixi problemləri var və cinayəti də bu səbəbdən törədib. Onun sözlərinə görə, psixi problemlərilə əlaqədar uşağı onun yanında qoymurdu, özü baxırdı. Hadisə günü işə getdiyinə görə məcbur olub, uşağı evdə qoyub. Belə bir hadisənin baş verəcəyini ağlına gətirməzdi.

Leyla Bağıyeva deyir ki, ona hadisə haqda kiçik qızı zəng edərək məlumat verib. O, gələndən sonra qızı Nərgizdən 1 yaşlı uşağı öldürməsinin səbəbini də soruşub və ondan bu cavabı alıb:

“Dedi ki, “beynimə şeytan girmişdi…”.

Hadisə 2022-ci il sentyabrın 9-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Ana səhifəXəbərlərBir yaşlı uşağını öldürməkdə ittiham olunan ana məhkəmə qarşısında