close

Blinken Əliyevi haqsız həbs edilənləri azad etməyə çağırıb (yenilənib)

Foto: Azərtac

ABŞ-nin Azərbaycandakı səfirliyi E.Blinkenin İ.Əliyevlə telefon danışığı barədə məlumat yayıb.

Bildirilib ki, Dövlət katibi Blinken Prezident Əliyevlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi istiqamətində əldə olunan nailiyyəti müzakirə edib.

Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə və haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb.


Əliyev Fransanın Ermənistana dəstəyini “təxribat” adlandırıb

Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığının olduğu bildirilir.

Məlumatı “president.az” yayıb.

Xəbərdə qeyd olunur ki, Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib:

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb”.

Prezident İlham Əliyev bildirib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. İlham Əliyev anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb”, – deyə məlumatda vurğulanır.

Amma Entoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Məlumatda həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparıldığı bildirilir:

Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib. Eyni zamanda, İlham Əliyev Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb”.

Prezident İlham Əliyev aprelin 2-də Parisdə Entoni Blinkenlə keçirilmiş mətbuat konfransında Fransa Xarici İşlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. O, Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb”, – deyə rəsmi xəbərdə vurğulanır.

“Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq”,-məlumatda qeyd olunur.

Bundan əlavə, söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub.

Entoni Blinken bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevlə apardığı müzakirələri qeyd edərək ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.

Azərbaycanın dövlət başçısı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib.

Aprelin 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyi görüşün Azərbaycana qarşı olduğu barədə bəyanat yaysa da, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı rəsmi Bakının iddialarını rədd edib.

Onun fikrincə, Brüsseldə keçiriləcək görüşün xarakteri haqqında məlumat qeyri-dəqiqdir:

İclasın “təhlükəsizlik zəmanətlərinə” həsr olunacağı doğru deyil. Görüşdə Aİ/ABŞ-Ermənistan ikitərəfli münasibətləri ilə yanaşı, digər məsələlərə də toxunulacaq. Yəni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh danışıqları məsələləri müzakirə olunmayacaq. Əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyinə və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönəldiləcək”.

Ana səhifəSiyasətBlinken Əliyevi haqsız həbs edilənləri azad etməyə çağırıb (yenilənib)